Azərbaycan, Bakı, 4 may /Trend/
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar mayın 4-də "Azərsu" ASC-nin idarə və müəssisələrində iməciliklər keçirilib, yaşıllaşdırma işləri aparılıb. Bu barədə Trend-ə "Azərsu" ASC-dən daxil olan məlumatda deyilir.
Hövsan Aerasiya Stansiyası ərazisində və digər obyektlərdə təşkil olunmuş ağacəkmə kampaniyasında müxtəlif növdə 1000-dən çox ağac əkilmiş, yaşıllıqlar salınıb. Bu tədbirdə ilk dəfə olaraq "Azərsu" ASC-nin təsərrüfatlarında yetişdirilmiş tinglərdən istifadə olunub. Ağacəkmə tədbirində Səhmdar Cəmiyyətin bütün idarə və müəssisələrinin kollektivləri fəal iştirak edirlər.
"Azərsu" Acıq Səhmdar Cəmiyyəti ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət yetirir və yaşıllaşdırma tədbirlərinə öz töhfəsini verməkdədir. Yaşıllaşdırma tədbirləri çərçivəsində cari ilin mart ayından indiyədək Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin yerləşdiyi ərazilərdə müxtəlif növdə 5 mindən çox ağac əkilib.