Azərbaycan, Bakı, 7 may /Trend/
Kapitoli binası qarşısında açıq havada qurulan səhnə və səsləndirilən Azərbaycan musiqisi amerikalılara Gül bayramı əhval-ruhiyyəsi yaşatdı.
Azərbaycan Amerika Alyansının təşkilatçılığı ilə Amerikanın Vaşinqton şəhərində 10 May Gül bayramı təntənəli şəkildə qeyd olunub.
Alyansdan Trend-ə daxilolan məlumata görə, Kapitoli binası ilə Vaşinqton Monument ab bidəsi arasında yerləşən, National Mall adlanan parkda amerika məktəbliləri, sakinlər və dövlət rəsmilərinin iştirakı ilə keçən mərasim Silkroad Rəqs ansamblının çıxışı ilə başlayıb. Azərbaycan Amerika Alyansının fəxri prezidenti, konqressmen Den Börton qonaqları salamlayaraq keçirilən bayramın tarixindən danışıb.
"10 May Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. O, bir böyük siyasətçi kimi nəinki Azərbaycanın, ümumilikdə dünyanın siyasi tarixində silinməz izlər qoyub. Xoşbəxtlikdən onun müdrik siyasi kursunu övladı, Azərbaycanın prezidenti İlham Əliyev davam etdirir."
Sonra Den Börton Amerikada Gül bayramı keçirilməsinin əhəmiyyətini də vurğulayıb (ayaqüstü müsahibədən!): "Bu, amerikalılar üçün Azərbaycanı tanımağın ən gözəl yollarından biridir. Onlar həm də bu yolla ölkə mədəniyyəti ilə, bayramları ilə tanış olurlar. Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə keçirilən bu tədbir vasitəsilə amerikalılar da 10 May Gül bayramını böyük sevinclə qeyd etdilər".
Daha sonra səhnəyə dəvət olunan Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri cənab Elin Süleymanov toplaşanları təbrik edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın həyatında oynadığı müstəsna rolundan danışdı: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin həyatında həlledici, dramatik rol oynayıb. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar, qurduğu əsaslı beynəlxalq münasibətlər, elə Amerika ilə güclü dostluq münasibətləri məhz onun uzaqgörən siyasətinin bəhrəsidir".
Azərbaycan Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə Vaşinqtonda keçirilən Gül bayramına dəvət olunanların böyük əksəriyyəti isə uşaqlar və məktəblilər idi. Vaşinqtonun 5 qabaqcıl məktəbinin şagirdləri Azərbaycan, onun dövlət atributları və ümumən Gül bayramı təəssüratlarını özünəməxsus şəkildə ifadə etmişdilər. Mərasimin keçirildiyi məkan başdan-başa onların əl işləri ilə bəzədilmişdi. əsərlər elə tədbir davam edərkən də yaradılırdı. Müxtəlif guşələrdə uşaqlar üz-gözlərinin gül rəsmləri ilə boyayaraq əsl canlı çiçəklərə çevrilirdi. Gələn qonaqların diqqətini ən çox cəlb edən isə iki böyük rəsm əsəri oldu. 4 saat ərzində dayanmadan qrafiti üsulu işləyən 2 rəssam göz önündə ümummillli lider Heydər Əliyevin portretlərini canlandırdı.
Bütün tədbir boyunca səslənən Azərbaycan musiqisi sanki hər kəsi Odlar Yurduna aparırdı. Amerikalılardan ibarət SilkRoad rəqs qrupunun təqdim etdiyi Azərbaycan rəqsləri isə bayramı bir az da milliləşdirirdi. Okeanın o tayında 10 May Ümummilli Lider Heydər Əliyevin 90 illiyi və Gül bayramının yaratdığı əhval-ruhiyyə hər bir amerikalının ürəyində silinməz iz qoydu.