...

Motorlu qayıqlarda "Formula-2" üzrə Bakı Qran-Prisi

Cəmiyyət Materials 7 İyun 2013 16:37 (UTC +04:00)
Cari ilin iyul ayının 6-da Bakıda motorlu qayıqlarda “Formula-2” üzrə Bakı Qran-prisi start götürəcək. İki gün davam edəcək yarış 2013-cü il dünya çempionatının ikinci mərhələsi olacaq və “Su üzərində alov” şüarı ilə keçiriləcək.
Motorlu qayıqlarda "Formula-2" üzrə Bakı Qran-Prisi

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Cari ilin iyul ayının 6-da Bakıda motorlu qayıqlarda "Formula-2" üzrə Bakı Qran-prisi start götürəcək. İki gün davam edəcək yarış 2013-cü il dünya çempionatının ikinci mərhələsi olacaq və "Su üzərində alov" şüarı ilə keçiriləcək.

Avesta Konserninin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünyanın 9 ölkəsindən 20 idmançının qatıldığı mötəbər yarışda ölkəmizi isveçli legioner Yonas Andersson təmsil edəcək. Azərbaycan Motorlu Qayıqlar Assosiasiyaları Federasiyasının və Avesta Konserninin prezidenti Hacı İbrahim Nehrəmli qarşıdakı yarışla bağlı mətbuat konfransında bildirib ki, Azərbaycan bu yarışlara 2009-cu ildən qatılsa da artıq kifayət qədər ciddi uğurlar qazanıb. Bunun Azərbaycanda idmana və bu kimi beynəlxalq müsabiqələrə göstərilən diqqətin nəticəsi olduğunu bildirən federasiya prezidenti yaxın illərdə öz həmyerlilərimizdən ibarət komanda yaratmaq niyyətində olduqlarını və növbəti yarışlarda azərbaycanlı pilotlarla təmsil olunacaqlarına ümid etdiyini deyib. Xəzər dənizinin adətən küləkli olduğunu və bununla bağlı görülən tədbirlərdən bəhs edən İ.Nehrəmli bunun üçün ən əlverişli yeri seçdiklərini və küləyə qarşı qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib. Avesta Konserni tərəfindən salınan yeni şəhərdə - "Khazar Islands"da müxtəlif yarışların, o cümlədən "Formula-2" yarışlarının keçirilməsi üçün müvafiq arenaların inşa ediləcəyini də əlavə edib.

Mükafat fondunun olub-olmaması ilə bağlı sualı cavablandıran gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov bildirib ki, Bakı Qran-prisində mükafat fondu təyin edilməyib. Onun sözlərinə görə, Beynəlxalq Motorlu Qayıq İttifaqı (UİM) belə bir təkliflə çıxış etsə, qaliblər üçün pul mükafatı təsis olunacaq. Federasiyanın prezidenti H.İbrahim Nehrəmli də belə bir planlarının olduğunu diqqətə çatdırdı.

Çıxış edən UİM-in baş katibi Andrea Dini gələcəkdə motorlu qayıq üzrə "Formula-1" yarışının da Bakıda təşkilinin mümkünlüyünü vurğulayıb.

Mətbuat konfransında İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mario Baldi də çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti