...

"Xəzər regionunda əməkdaşlıq: Milli perspektivlər və ümumi çağırışlar" mövzusunda konfrans keçirilir (FOTO)

Cəmiyyət Materials 17 İyun 2013 12:06 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Almaniyanın Konrad Adenauer Fondunun təşkilatçılığı ilə bazar ertəsi Bakıda "Xəzər regionunda əməkdaşlıq: Milli perspektivlər və ümumi çağırışlar" mövzusunda konfrans keçirilir.
"Xəzər regionunda əməkdaşlıq: Milli perspektivlər və ümumi çağırışlar" mövzusunda konfrans keçirilir (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Almaniyanın Konrad Adenauer Fondunun təşkilatçılığı ilə bazar ertəsi Bakıda "Xəzər regionunda əməkdaşlıq: Milli perspektivlər və ümumi çağırışlar" mövzusunda konfrans keçirilir.

Trend-in məlumatına görə, konfransın açılışında SAM-ın direktoru Fərhad Məmmədov bildirib ki, Xəzər regionu Azərbaycan üçün strateji baxımdan çox əhəmiyyətlidir. O, qeyd edib ki, Azərbaycan tarixən sahilyanı ölkələrlə sıx əməkdaşlıq qurub və reallaşdırdığı bütün layihələri ilk növbədə milli maraqları, sonra isə Xəzəryanı ölkələrin maraqlarına uyğun həyata keçirib.

Eyni zamanda, Məmmədov deyib ki, Xəzər dənizi üçün ən böyük təhlükə onun hərbiləşdirilməsidir: "Azərbaycan Xəzər dənizinin sülh və əməkdaşlıq dənizi olmasında maraqlıdır".

Məmmədov, həmçinin qeyd edib ki, Xəzərin hüquqi statusu hələlik müəyyənləşdirilməyib, lakin Xəzəryanı ölkələr ikitərəfli razılaşmalar əsasında əməkdaşlıq qura bilərlər. O vurğulayıb ki, konfransa qatılan ekspertləri dinləyərək hər kəs bir-birini daha yaxşı başa düşə və bununla da fikir ayrılıqlarını aradan qaldıra bilər.

Adenauer Fondunun regional proqramlar direktoru Canan Atılqan öz çıxışında bildirib ki, konfrans çərçivəsində təşkil olunacaq panellərdə aparılacaq müzakirələr Xəzər bölgəsinin gələcəyinə nəzər salmaq baxımından çox böyük əhəmiyyət kəsb edir: "Konfransda səslənəcək fikirlər yeni çağırışlara cavab verən ideyaların ortaya çıxmasına səbəb olacaq". C.Atılqan qeyd edib ki, konfransın keçirilməsində əsas məqsədlərdən biri müxtəlif "beyin mərkəzləri" arasında əlaqələrin genişləndirilməsindən ibarətdir. O, ümid etdiyini bildirib ki, konfrans Xəzərdə əməkdaşlıqla bağlı gələcək addımların müəyyənləşdirilməsinə kömək edəcək.

Atılqan Fondun Cənubi Qafqazdakı fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb və deyib ki, Avropa İttifaqı Cənubi Qafqazda münaqişələrin həllində, regionun inkişafında və iqtisadi diversifikasiyanın dəstəklənməsində daha fəal rol oynamalıdır: "Avropa üçün regional inkişaf və təhlükəsizliyin təminatı məsələləri son dərəcə vacibdir. Xəzəryanı ölkələr də müxtəlif layihələr vasitəsilə avrointeqrasiya yolunu gedirlər".

Konfrans "Xəzər regionunda iqtisadi əməkdaşlığın dinamikası: Ticarət, enerji və nəqliyyat" və "Xəzər regionunda təhlükəsizlik strategiyaları və strukturları: Milli perspektivlər, regional əməkdaşlıq və xarici faktorların rolu" mövzularında panellərlə işini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti