...

Azərbaycanın ədliyyə naziri BMT baş katibinin müavini ilə görüşüb

Cəmiyyət Materials 1 İyul 2013 15:46 (UTC +04:00)
ABŞ-da səfərdə olan ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov BMT-nin Nyu Yorkdakı Baş Qərargahında təşkilatın baş katibinin hüquqi işlər üzrə müavini xanım Patrisiya O'Brayn ilə görüşüb.
Azərbaycanın ədliyyə naziri BMT baş katibinin müavini ilə görüşüb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir İ.İzzət/

ABŞ-da səfərdə olan ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov BMT-nin Nyu Yorkdakı Baş Qərargahında təşkilatın baş katibinin hüquqi işlər üzrə müavini xanım Patrisiya O'Brayn ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan və BMT arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf etdiyini vurğulayan nazir ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə-hüquq sistemində aparılan islahatlardan və qazanılan nailiyyətlərdən danışıb, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, hakimlərin sayının artırılması, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi, hakim və hakimliyə namizədlərin nüfuzlu beynəlxalq hakim və ekspertlərin iştirakı ilə ölkəmizdə və xaricdə tədrisi, yeni məhkəmələrin yaradılması, müasir məhkəmə binalarının inşası və bu sahədə qabaqcıl İKT-lərin tətbiqi üzrə görülən işləri qeyd edib. Nazir, həmçinin korrupsiyaya qarşı aparılan qəti mübarizədən, o cümlədən Azərbaycanın yeni brendi - "ASAN xidmət"in fəaliyyətindən danışıb.

BMT-nin Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edən xanım O'Brayn isə Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarını təqdir edib, qazanılmış nailiyyətlərdən heyran qaldığını söyləyib. Baş katibinin müavini Azərbaycanda məhkəmə sisteminin, o cümlədən infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlərin vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasında əhəmiyyətini vurğulayıb, ölkəmizin bir sıra sahələrdə müsbət təcrübəsinə böyük maraq göstərib.

Tədbirdə qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla davam edəcəyinə əminlik ifadə edilib, maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdə ölkəmizin BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti