...

Ukraynada tanınmış oftalmoloq Zərifə Əliyevanın adını daşıyan parkda ekoloji tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 4 İyul 2013 12:30 (UTC +04:00)
Kiyev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin, Ümumukrayna Gənclər Assambleyasının və Ukrayna Ekoloji Təşəbbüs Milli Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Şərqi Avropada fəaliyyət göstərən gənclər təşkilatlarının inkişafında effektli təcrübə mübadiləsinin rolu mövzusunda silsilə tədbirlərə start verilib.
Ukraynada tanınmış oftalmoloq Zərifə Əliyevanın adını daşıyan parkda ekoloji tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Kiyev şəhərində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin, Ümumukrayna Gənclər Assambleyasının və Ukrayna Ekoloji Təşəbbüs Milli Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Şərqi Avropada fəaliyyət göstərən gənclər təşkilatlarının inkişafında effektli təcrübə mübadiləsinin rolu mövzusunda silsilə tədbirlərə start verilib. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycan, Ukrayna, Moldova, Türkiyə, Macarıstan və bir sıra ölkələrin aparıcı gənclər təşkilatlarından 60-dan çox nümayəndənin qatıldığı beynəlxalq toplantının iştirakçıları təbiətin və ekologiyanın qorunmasında gənclərin üzərinə düşən vəzifələr mövzusunda ilk tədbirlərini İrpen şəhərindəki Akademik Zərifə Əliyevanın adını daşıyan istirahət parkından başlayıblar.

Beynəlxalq tədbirə qatılanlar ilk öncə tanınmış oftalmoloq alim, akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstünün önünə tər çiçəklər qoymaqla, görkəmli elm xadiminin xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər. Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və Ukrayna Ekoloji Təşəbbüs Milli Gənclər Mərkəzinin İdarə Heyətinin sədri Oksana Əliyeva İrpen şəhərindəki akademik Zərifə Əliyevanın adını daşıyan dostluq parkının təbii gözəlliyinə və ekoloji füsünkarlığına görə uşaqlı analar və yerli sakinlərin ən nümunəvi istirahət guşəsinə çevrildiyini nəzərə çatdırıb. Ukraynada təbiətin mühafizəsi və ekologiyanın qorunması tədbirlərində fəal iştirak edən Ukrayna Azərbaycanlı Gənclər Birliyi ARDNŞ-in Ukrayna nümayəndəliyinin dəstəyi ilə Kiyev şəhərinin bir çox parkları ilə yanaşı Akademik Zərifə Əliyeva adına İstirahət Parkında da mütamadi olaraq yaşıllıq və ağacəkmə aksiyası həyata keçirildiyi bildirilib.

Qeyd olunub ki, istirahət parkının ekoloji mühütünə göstərilən diqqət və qayğının nəticəsi olaraq burada nadir quş və zəngin bitki növlərinin sayı ilbəil çoxalır. Sonra tədbirə qatılan Macarıstan, Moldova, Türkiyə, Azərbaycan və Ukraynadan olan gənclər öz zəngin füsünkarlığı ilə diqqəti cəlb edən Akademik Zərifə Əliyeva Parkı ilə yaxından tanış olublar. Gənclər təbiətin mühafizəsi və ekologiyanın qorunması layihəsi çərçivəsində taxtadan hazırlanmış quş yuvalarını parkdakı ağaclardan asmaqla flora və faunanın qorunmasına növbəti töhfələrini veriblər. Tədbir ARDNŞ-in Ukrayna nümayəndəliyinin dəstəyi ilə baş tutub. Şərqi Avropadan olan gənclər iyulun 9-dək davam edəcək tədbirlər çərçivəsində Ukraynanın Ali Radasında, İdman və Gənclər Nazirliyində bir sıra görüşlər keçirəcək, birgə əməkdaşlığa dair niyyət protokolları imzalayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti