...

Oğuz «Yay məktəbi»nin birinci turu uğurla başa çatıb (FOTO)

Cəmiyyət Materials 6 İyul 2013 00:34 (UTC +04:00)
YAP Gənclər Birliyinin təşkil etdiyi «Yay məktəbi»nin Oğuz turu işini iyulun 4-də «Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsi» mövzusunda diskusiya şəklində təqdimatın keçirilməsi ilə davam etdirib.
Oğuz «Yay məktəbi»nin birinci turu uğurla başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 5 iyul /Trend/

"Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsi"

Oğuz "Yay məktəbi"nin bu mövzuda təşkil etdiyi təqdimat bir daha təsdiqlədi ki, ümumi vəzifəmiz gənc nəsildə vətənpərvərlik, vətənə, torpağa, millətə sədaqət, vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf və təbliğ etməkdir.

YAP Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi"nin Oğuz turu işini iyulun 4-də "Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsi" mövzusunda diskusiya şəklində təqdimatın keçirilməsi ilə davam etdirib.

Qrup rəhbəri YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 22 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurlarını şərtləndirən amillərdən biri kimi dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməsini vurğulayıb.

Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycanlı olması ilə fəxr etdiyini ən yüksək tribunalardan bəyan edən dahi şəxsiyyət Heydər Əliyev bunu harda yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan tələb edirdi. Ulu öndər bildirirdi ki, suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə birliyi tələb olunur.

V.Rəhimzadə qeyd edib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra daha çox diqqət göstərdiyi sahələrdən birinin məhz Azərbaycan diaspor quruculuğunun olması da səbəbsiz deyildi. Diasporun bir dövlətin xaricdə varlığı kimi dəyərləndirən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində ciddi səylər göstərirdi. Onun xarici ölkələrə səfərləri zamanı orada yaşayan azərbaycanlılarla görüşmək, onların problemləri ilə yaxından tanış olmaq, öz tövsiyələrini çatdırmaq istəyi də bu məqsəd və məramdan irəli gəlirdi.

Ümummilli liderin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir.

Bildirilib ki, dahi şəxsiyyət öncə soydaşlarımızın yaşadığı ölkələrdə birliyinin, həmrəyliyinin yaradılması istiqamətində səylərin göstərilməsinin vacibliyini önə çəkirdi. Həmin dövrdə yaranan, bu gün sayı artmaqda olan Azərbayan mərkəzləri, cəmiyyətləri də məhz bu məqsədə xidmət edir. Buna nail olduqdan sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında mənəvi, siyasi birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirə edilməsi nəzərə alınaraq, ulu öndər Heydər Əliyevin 2001-ci ilin mayın 23-də imzaladığı sərəncam əsasında həmin ilin noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirildi. Bu addım diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

V.Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikirlər soydaşlarımız üçün bir proqram xarakteri daşıyır: "İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar-mən azərbaycanlılar haqqında danışıram-gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orda özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır".

Milli mənsubiyyətin hər bir insan üçün qürur mənbəyi olduğunu qeyd edən V.Rəhimzadə bildirib ki, diaspor quruculuğu işinin gücləndirilməsi, xaricdə yaşayan azərbaycanlılara öz milli-mənəvi dəyərlərini qoruyub saxlamaları, Azərbaycan həqiqətlərini təbliğ etmələri, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal rol oynamaları üçün dövlətimizin atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ilin martında Dünya azərbaycanlılarının II qurultayı, 2011-ci ilin iyulunda dünya azərbaycanlılarının III qurultayı keçirildi. Daim çıxışlarında Azərbaycanın müharibə şəraitində yaşadığını, dünyada azərbaycanlılara və türklərə qarşı əks təbliğat aparan erməni diasporunun olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev bildirir ki, birlik olmasa, biz güclü ola bilmərik. Birgə səylər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa stimul verir.

Təqdimatda bu əminlik də ifadə olunub ki, Azərbaycanın iqtisadi və siyasi uğurlarının davamlılığı yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini yaxınlaşdırır. Diplomatik mübarizədə qələbə münaqişənin həllində vacib amillərdən biridir ki, Azərbaycan real faktlara əsaslanan təbliğatı ilə erməni yalanlarını ifşa edir, dünya həqiqəti olduğu kimi dəyərləndirir.

V.Rəhimzadə Azərbaycanın 1993-cü ildən bu günə qədər keçdiyi inkişaf yolunun, qazandığı uğurların fonunda bu fikri xüsusi qeyd edib ki, ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heylər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Bu inkişaf strategiyası 1993-cü ildən başlayaraq Azərbaycana biri-birindən əhəmiyyətli uğurlar qazandırır. Bu gün böyük fəxr hissi ilə qeyd edilirsə ki, inkişafın Azərbaycan modelinin mövcudluğu beynəlxalq aləmdə qəbul olunaraq, yüksək dəyərləndirilir, təbii ki, bu, ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin və hazırda bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin təsdiqidir.

Diskussiya şəklində davam edən təqdimatda gənclərdən BDU-nun tələbəsi Yavər Məmmədova, YAP Göyçay rayon təşkilatının üzvü Aytən Nəbiyeva, ARDNŞ-in mühəndisi Həbib Nəsirov və başqaları çıxış edərək, fikirlərini bölüşüb, Azərbaycanın uğurlarından məmnunluqlarını ifadə ediblər. Bildiriblər ki, dinamik inkişaf edən, Cənubi Qafqazın parlayan ulduzu kimi dəyərləndirilən Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar üçün qürur mənbəyidir.

Gənclər çıxışlarında dövlət başçısı İlham Əliyevin "Hər bir Azərbaycan vətəndaşı yaşadığı dövlətdə ölkəsinin təbliğatçısıdır" fikrini önə çəkərək bildiriblər ki, Azərbaycanın bugünkü iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurlar barədə dünya ictimaiyyətinin dolğun şəkildə məlumatlandırılmasında gənclərin də üzərinə böyük məsuliyyət düşür. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsillərini davam etdirmələrinə dair Dövlət Proqramı"nın icrasında da prioritet məsələlərdən biri məhz ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Azərbaycan gəncləri həmin ölkələrdə təhsillərini davam etdirib, elmin dərin sirlərinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə yiyələnməklə yanaşı, eyni zamanda, ölkənin təbliğatçısı kimi də çıxış edirlər. Çıxışlarda bir məqam da qeyd olunub ki, Dünya azərbaycanlılarının III qurultayına qatılan 600-ə yaxın nümayəndənin 100-dən çoxunun gənclər olması onların Azərbaycan həqiqətlərinin təbliğinə töhfələrini artırmaq istəklərinin göstəricisi idi.

Gənclər bundan sonra da ölkə həqiqətlərinin təbliğində fəal iştirak edəcəklərini, ölkənin daha da qüdrətlənməsinə, möhkəmlənməsinə öz töhfələrini verəcəklərini bildiriblər.

İyulun 5-də Oğuz "Yay məktəbi"nin iştirakçılarının rayon ilə tanışlığından sonra birinci turun bağlanış mərasimi keçirilib. Ən fəal qrup elan olunub, qısa müddət ərzində gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirləri özündə əks etdirən videoçarx nümayiş etdirilib. Gənclər onlara göstərilən diqqət və qayğıya, biliklərini və təcrübələrini genişləndirməyə, asudə vaxtlarını lazımi səviyyədə təşkil etməyə, ən əsası müstəqil Azərbaycanımızın ayrı-ayrı sahələrdə qazandığı uğurların təməlində dayanan düşünülmüş və məqsədyönlü siyasət barədə dolğun məlumatların əldə olunmasına yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə, YAP rəhbərliyinə və icra katibliyinə minnətdarlıqlarını ifadə ediblər. Bu əminlik bildirilib ki, 2013-cü il prezident seçkiləri ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının qələbəsi kimi tariximizə yazılacaq. Azərbaycan xalqının mütləq əksəriyyətinin yeganə namizədi olan cənab İlham Əliyevin seçkilərdə qələbəsi şəksizdir. Bu inama əsas verən amil güclü, qüdrətli Azərbaycanın reallıqlarıdır.

Sonda xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti