Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə gənclərin elmə marağını artırmaq üçün həyata keçirilməsi vacib olan tədbirlərin adlarını açıqlayıb. Trend-in məlumatına görə, AMEA-nın Gənc alimlərinin Ümumi Yığıncağında çıxış edən Akif Əlizadə deyib ki, son illərdə gənclərin elmə marağı hiss olunacaq dərəcədə azalıb.
Onun sözlərinə görə, bu, cəmiyyətin inkişaf perspektivləri baxımından qəbuledilməz haldır və ciddi narahatlıq doğurur. Lakin təəssüf doğuran bu neqativ tendensiyanın obyektiv və subyektiv səbəbləri var: "Bu səbəbləri diqqətlə araşdırmalı və ən tez bir zamanda aradan qaldırmalıyıq. Elm müasir Azərbaycan cəmiyyəti üçün gənclərin maraq dairəsinə daxil olan prestij fəaliyyət sahəsinə çevrilməlidir".
A.Əlizadə deyib ki, gənclərin elmə marağını artırmaq üçün üç istiqamətdə paralel və məqsədyönlü iş aparılmalıdır. Bunun üçün ilkin olaraq, elmin cəmiyyətdə imici yüksəldilməlidir. Bu istiqamətdə AMEA-da kompleks islahatlar həyata keçirilir. Alimlərin sosial-məişət problemləri təxirə salınmadan müasir tələblər səviyyəsində həll edilməlidir: "Bu problem də ölkə və Akademiya rəhbərliyinin diqqət mərkəzindədir. Xüsusən, gənc alimlərin mənzil probleminin həlli, onların yaradıcı əməyinin stimullaşdırılması, xarici ölkələrin elmi mərkəzlərinə göndərilməsi istiqamətində əməli addımlar atılır".
AMEA prezidenti deyib ki, elm və təhsil arasında inteqrasiyaya, sözün əsl mənasında, nail olunmalıdır. Azərbaycanda elə bir təhsil sistemi formalaşdırılmalıdır ki, onun bütün pillələri üzrə elmə marağın artırılması yüksələn xətt üzrə təmin edilsin. Xüsusən də magistratura, sözün əsl mənasında, ilkin elmi fəaliyyət vərdişləri aşılayan təhsil pilləsinə çevrilməlidir.
A.Əlizadə qeyd edib ki, indi Akademiya islahatlar mərhələsindədir. Bu islahatlar konsepsiyasının əsas prioritetlərindən biri intellektual gəncliyin vulkan kimi püskürən enerjisini məqsədyönlü idarə etmək, onları respublikada gedən sürətli sosial-iqtisadi proseslərin avanqardına çevirməkdir. Bunun üçün Akademiyanın Rəyasət Heyətində xüsusi "İnformasiya-analitik sistemi" yaradılır. Məqsəd gənclərin potensialı, problemləri, əldə etdiyi nailiyyətləri haqqında müntəzəm məlumat əldə etmək və bu məlumatlar əsasında müvafiq qərarlar qəbul etməkdir.