...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində KİV nümayəndələri və veteran jurnalistlərlə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 19 İyul 2013 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar iyulun 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində KİV nümayəndələri və veteran jurnalistlərlə görüş keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə veteran jurnalistləri səmimi salamlayan əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyulunda "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımızın ötən müddətdə şərəfli bir inkişaf yolu keçdiyini, həmişə azərbaycançılıq qayəsinə sadiq qaldığını, mütərəqqi fikir və ideyaların daşıyıcısı olduğunu bildirib.

Qeyd olunub ki, respublikamızda KİV-in inkişafına geniş şərait yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkədə KİV üzərində senzuranın ləğvi üçün hələ 1998-ci il 16 avqustunda fərman imzalayıb, KİV-in maddi-texniki bazasının gücləndirilməsi məqsədilə məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin edib.

Daim inkişaf edən ölkəmizdə demokratik cəmiyyət quruculuğu istiqamətində möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatların mühüm tərkib hissəsi məhz söz və fikir azadlığının təminatı, mətbuatın inkişafının dövlət tərəfindən davamlı olaraq dəstəklənməsidir. Bunun daha bir əməli ifadəsi kimi, dövlət başçısının 2009-cu ilin martında imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb.

Həmçinin ölkə rəhbərinin müvafiq sərəncamına əsasən, 2010-cu ildə Milli Mətbuatın 135 illiyi qeyd olunub. Möhtərəm Prezidentin daha bir sərəncamına əsasən, jurnalistlər üçün yaşayış binasının tikintisi üçün 5 milyon manat vəsait ayrılıb. Bütün bunlar ölkə jurnalistlərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də həmişə öz fəaliyyəti, həyata keçirilən sosial müdafiə tədbirləri barədə cəmiyyətin geniş məlumatlandırılması, bu tədbirlərdə ictimai nəzarətin artırılması məqsədilə KİV-lə mütəmadi əməkdaşlığa xüsusi önəm verir.

Yalnız onu qeyd etmək kifayətdir ki, cari ilin 6 ayı ərzində nazirliyin fəaliyyət sahələri üzrə 100-dən çox press-reliz hazırlanaraq KİV-lərə təqdim olunub, bu müddətdə nazirliyin məsul şəxslərinin mətbu orqanlarda 60-dan çox müsahibəsi dərc edilib. Bununla yanaşı, sosial mövzular üzrə jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması üçün nazirlik tərəfindən bir neçə dəfə seminar-treninqlər təşkil olunub.

"Hər il olduğu kimi, bu il də Mətbuat Günündə biz ilk növbədə veteran jurnalistlərimizlə görüşməyi özümüzə borc bildik. Çünki həmin insanlar Azərbaycan mətbuatının inkişafında böyük əmək sərf etmiş və xidmətlər göstərmiş dəyərli insanlarımızdır. Onların keçib gəldiyi həyat yolu şərəfli bir işə-milli mətbuatın inkişafına, ölkəmizdə informasiya təminatına sərf olunmuşdur. Əziz veteran jurnalistlərimiz, biz həmişə sizinlə fəxr edir və sizləri öz sıralarımızda görməkdən məmnunluq duyuruq. Baxmayaraq ki, indi sizin bir çoxunuz peşə fəaliyyəti ilə məşğul deyilsiniz, sizin malik olduğunuz zəngin həyat məktəbi, peşə təcrübəsi çox dəyərlidir. Arzumuz budur ki, daim belə gümrah, nikbin olasınız və Azərbaycan mətbuatının mütərəqqi keyfiyyətlərini, yüksək məziyyətlərini gənc jurnalistlər nəslinə aşılayasınız", - deyən nazir Fizuli Ələkbərov Milli Mətbuat Günü münasibətilə hər bir Azərbaycan jurnalistinə xoş arzularını ifadə edib.

Sonra KİV nümayəndələrinə və veteran jurnalistlərə nazirliyin diplomları və mükafatları təqdim olunub. Veteran jurnalistlər, KİV nümayəndələri ürək sözlərini ifadə edərək, milli mətbuata göstərilən dövlət dəstəyindən, ölkədə azad jurnalistikanın fəaliyyəti üçün geniş imkanlar yaradılmasından, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin KİV-lə sıx əməkdaşlığından razılıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti