...

Cəbhəyanı rayonlarda ilan və həşərat sancmaları geniş yayılıb

Cəmiyyət Materials 12 Sentyabr 2013 14:08 (UTC +04:00)
Yay mövsümü başlayandan indiyədək Tərtər rayonu ərazisində 5 ilan, 10-a yaxın əqrəb sancması qeydə alınıb. Bərdə rayonunda 5-6 həşərat sancması baş verib, lakin ilan sancması qeydə alınmayıb. Yevlax, Mingəçevir, Göyçay rayonlarında isə demək olar ki, belə hallara rast gəlinməyib.
Cəbhəyanı rayonlarda ilan və həşərat sancmaları geniş yayılıb

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İzzət/

Yay mövsümü başlayandan indiyədək Tərtər rayonu ərazisində 5 ilan, 10-a yaxın əqrəb sancması qeydə alınıb. Bərdə rayonunda 5-6 həşərat sancması baş verib, lakin ilan sancması qeydə alınmayıb. Yevlax, Mingəçevir, Göyçay rayonlarında isə demək olar ki, belə hallara rast gəlinməyib.

Trend EL TV-yə istinadən xəbər verir ki, mütəxəssislər ilan və həşərat, o cümlədən əqrəb sancmalarına təmas xəttinə yaxın ərazilərdə çox rast gəlindiyini bildirirlər. Bu, ermənilərin işğal altında olan ərazilərdə yanğınlar törətdiklərinə görə həmin yerlərdəki heyvan və sürünənlərin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərə gəlməsi ilə bağlıdır.

Bu müddətdə Tərtərdə ilan sancan 5 nəfərdən 3-ü həmin rayonda, 2 nəfər isə Mingəçevirdə müalicə alıb. Həm Tərtərdə, həm də Bərdədə qeydə alınan həşərat sancmaları yüngül olduğundan yaralananlar həmin rayonlardaca müalicə ediliblər.

Həkimlər deyirlər ki, cəbhə xəttində yerləşən rayonlarda ilan və həşərat sancmaları adi hal olsa da, bununla bağlı ağır vəziyyətdə olan xəstələri müalicə etmək üçün nə şəraitləri, nə də lazım olan dərman preparatları yoxdur. Tərtər Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Mübariz Mahmudov bildirib ki, vəziyyət qrafikə əsasən qiymətləndirilir. "Ağır vəziyyəti hiss edən kimi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndəririk. Zəhərlənmə yüngül və orta dərəcəli olanda çalışırıq ki, özümüz müalicə edək. Bütün tədbirləri görürük, zərdab vururuq, ağrıkəsici terapiya edirik. Analizin nəticəsinə əsasən ağırlaşma müşahidə oluna biləcəyi halda xəstəni dərhal Kliniki Tibbi Mərkəzə göndəririk".

Bərdə Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Əsgər Cəlahilli deyib ki, stansiya ilan sancmalarında ilkin yardım edə bilər. "Həmin yerə buz qoyulur ki, bu da qan dövranını məhdudlaşdırır. Sonra Bakıya yola salınır. Çünki bizdə ilan zəhərinə qarşı zərdab yoxdur. Həşəratların sancması zamanı isə ilkin yardım edirik və xəstəni evə buraxırıq".

Həkimlər bildirirlər ki, insan vaxtında müalicə olunmasa, qan və sinir sistemi pozulduğu üçün ilan və digər zəhərli həşəratların sancması ölümlə nəticələnə bilər. Ona görə də, belə şəxsləri təcili həkimə çatdırmaq lazımdır. Lakin ilanın sancdığı nahiyənin yuxarısından möhkəm bağlamaq, yaxud həmin yerin kəsilməsi tövsiyə olunmur. Çünki bu halların hər ikisi ağır fəsadlara, hətta ilan vuran nahiyələrin amputasiyasına gətirib çıxara bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti