...

Azərbaycanda ilk informasiya telekanalı fəaliyyətə başladı (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2013 09:37 (UTC +04:00)
Trend ilk xəbər kanalının fəaliyyətə başlaması ilə əlaqədar telekanalın direktoru Nadir Şəfiyevin müsahibəsini təqdim edir.
Azərbaycanda ilk informasiya telekanalı fəaliyyətə başladı (FOTO)

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Azərbaycanda informasiya telekanalının açılması məsələsi dəfələrlə müzakirə obyekti olub. Qloballaşma və informasiya müharibələri dövründə bu formatlı milli telekanalın mövcudluğu müstəqillik və suverenliyini qorumağa çalışan istənilən dövlət üçün zərurətdir. Odur ki, noyabrın 1-dən Azərbaycanda informasiya telekanalının fəaliyyətə başlaması xəbərini sevinclə qarşıladıq. Amma telekanalın Bakıda yox, paytaxtdan 400 kilometr uzaqda, Gürcüstan və Ermənistanla sərhəd bölgəsində yaradılması bizi təəccübləndirdi. Daha dəqiq desək, bu telekanal yeni yaradılmayıb, sadəcə formatını dəyişib.

Ölkənin ilk informasiya kanalı 2008-ci ildən etibarən Tovuz şəhərində fəaliyyət göstərən və Azərbaycanın qərb bölgəsində yayımlanan TTV televiziyasının bazasında yaradılıb.

Trend ilk xəbər kanalının fəaliyyətə başlaması ilə əlaqədar telekanalın direktoru Nadir Şəfiyevin müsahibəsini təqdim edir.

- Nadir müəllim, informasiya kanalının Bakıdan kənarda yaradılmasına səbəb nədir?

- Salam. Əslində bu cür praktika dünyada yenilik deyil. Misal üçün qeyd edək ki, dünya şöhrətli "Euronews" kanalının mənzil-qərargahı Parisdə yox, Lion şəhəri yaxınlığındakı Eküli qəsəbəsində yerləşir. CNN Vaşinqton və ya Nyu-Yorkda yox, uzaq Atlantada qərarlaşıb. Əlbəttə ki, mən bunu deməklə bizim kanalın dünyanın informasiya nəhəngləri ilə müqayisə olunması iddiasında deyiləm. Hər halda, hələlik. Amma bu misallar göstərir ki, müasir şəraitdə informasiya telekanalının fəaliyyəti üçün onun paytaxtda yerləşməsi əsas amil deyil.

- Adlarını çəkdiyiniz telekanalların dünyanın müxtəlif bölgələrində çoxlu müxbir məntəqələri var.

- Əslində bununla bağlı vəziyyət bir qədər fərqlidir. İnformasiya kanallarının xaricdə çoxlu sayda müxbir məntəqəsi saxlamasına ehtiyac duyulmur. Onların əksəriyyəti "Reuters" və ya "Assosiated Press" kimi informasiya agentliklərinin abunəçisi olmaqla videomaterialların əsas hissəsini məhz bu mənbələrdən alırlar. Bu baxımdan bizim fəaliyyətimiz istisnalıq təşkil etmir, çünki biz də bir neçə informasiya agentliyinin abunəçisiyik. Daha bir fərq ondan ibarətdir ki, biz xəbərlərin əsasən Azərbaycan auditoriyasına çatdırılmasını nəzərdə tuturuq. Odur ki, adıçəkilən kanallarla müqayisədə bizdə ölkədaxili xəbərlərə daha geniş yer ayrılır. Bununla bağlı biz heç bir çətinlik və problemlə üzləşmirik. Çünki özümüzün xüsusi müxbirlərimizdən başqa, Region TV şəbəkəsinin Bakı bürosu və region kanallarının informasiya xidmətlərinin materiallarından yararlanmaq imkanımız var. Bundan əlavə, biz Gürcüstanın regional kanalları ilə də fəal əməkdaşlıq etmək niyyətindəyik. Bizim kanalımız bu ölkənin azərbaycanlı əhalisi arasında çox populyardı. Bununla yanaşı, Gürcüstanda baş verən hadisələr ölkəmizdə maraqla qarşılanır. Gürcüstanla yanaşı, Moskva, Ankara və Tehranda da müxbir məntəqələrinin açılması nəzərdə tutulur.

- Belə olan halda regional televiziya konsepsiyasının aqibəti necə olacaq? Bizdə olan məlumata görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da regional televiziya kanalları əsasən region əhalisi üçün nəzərdə tutulub və hazırlanan veriliş və xəbərlərdə yerli məlumatlara üstünlük verilir.

- Tamamilə düzgün qeyddir. Çünki 2013-ci il noyabrın 1-dən etibarən TTV regional kanal kimi fəaliyyətinə faktiki xitam verib. Həmin vaxta qədər Gəncə-Qazax zonasında 9 ümumrespublika televiziya kanalından əlavə 3 regional televiziya yayımlanırdı. Mən əksər televiziya ekspertlərinin fikrinə tam şərikəm ki, Azərbaycan kimi nisbətən kiçik bir ölkədə bu sayda ixtisaslaşmamış televiziyanın yayımlanması özünü doğrultmur. Belə şəraitdə hər bir kanal öz auditoriyasını müəyyənləşdirməli və məhz onların cəlb edilməsi istiqamətində çalışmalıdır. Əslində bu müasir dünyamızın tələbidir. İndi cəmiyyətin, elmin əksər sahələrində ixtisaslaşmaya geniş yer verilir ki, bu tendensiya televiziya sahəsindən də yan ötməyib. Buna misal olaraq, idman, musiqi, film sahəsində ixtisaslaşmış televiziyaları göstərmək olar. Odur ki, biz də regional televiziya yayımı konsepsiyasının çərçivəsindən çıxmaq haqqında ideyanı qarşımızda məqsəd qoyduq.

- Sizin əsas tamaşaçınız kimlərdir? Gələcəkdə hansı auditoriyanı əhatə etməyi düşünürsüz?

- Hazırda Azərbaycan telekanallarının əksəriyyətində əsas tamaşaçı auditoriyasını qadınlar təşkil edir. Bizim auditoriyamız fərqlidir - hər saatın tamamında bizim kanalımıza baxmaqla ölkədə və dünyada baş verən əsas hadisələr haqqında məlumat ala biləcək orta və yaşlı nəslin nümayəndəsi olan kişilərdir. Biz də öz növbəmizdə işimizi elə qurmağa çalışırıq ki, bizim kanaldan məlumat alan tamaşaçılar artıq başqa xəbər mənbəyi axtarmağa ehtiyac duymasınlar.

- Tamaşaçı auditoriyanızı genişləndirmək haqqında düşünürsünüzmi?

- Əlbəttə. Amma bundan əvvəl müəyyən hazırlıq mərhələsini keçmək lazımdır. Hər bir işin əvvəlində bir çox gözlənilməz nüanslar ortaya çıxır. Hazırda biz mümkün səhvlərin qarşısının alınması, işimizin təkmilləşdirilməsi üzərində çalışırıq. Odur ki, yaxın perspektivdə hələ ki məhdud auditoriya ilə kifayətlənmək niyyətindəyik, əgər yayım dairəmizdə olan 1 milyondan çox tamaşaçını məhdud auditoriya adlandırmaq olarsa. Daha sonra isə auditoriyanın genişləndirilməsi istiqamətində real addımlar atılacaq.

- Nadir müəllim, televiziya sahəsində çalışanlara verilən ənənəvi bir sual - internetdən qorxmursunuz?

- Deyirlər, qorxan gözə çöp düşər. Əlbəttə, məlumdur ki, hazırda insanların böyük hissəsi məlumatı məhz internet vasitəsi ilə əldə edir. Amma burda iki amili nəzərə almaq lazımdır. Əvvəla, televiziya xəbərlərində təqdim olunan süjetlə xəbər portalında yayımlanan informasiyanın mənimsənilməsi arasında müəyyən fərqlər var. Misal üçün, informasiya portalının xəbərlər xronikasında gözdən yayına biləcək nəzərə çarpmayan başlıqlı bir xəbər, televiziya vasitəsi ilə təqdim olunan informasiya blokunun daxilində diqqətdən yayınmır. İkinci məqam isə ondan ibarətdir ki, hazırda televiziya internet məkanına da sürətlə müdaxilə edir. Misal kimi, ilk Avropa Oyunları haqqında "Euronews"-un Azərbaycanda çəkdiyi süjetinin aqibətini göstərmək olar. Onu televiziya vasitəsi ilə izləyən milyonlarla tamaşaçıdan başqa, internetdə, o cümlədən sizin saytda yerləşdirilən versiyasını da çoxlu sayda insan izləyib. Özü də bu insanların sayı süjetə televiziya vasitəsi ilə baxanların sayından daha çox olub. Beləliklə demək olar ki, hazırda internetin təqdim etdiyi imkanlarla televiziyada hazırlanan materiallar arasında müəyyən simbioz, bir-birini tamamlama prosesi müşahidə olunur.

- Nadir müəllim, siz müxtəlif ölkə və xarici telekanallarda işləmisiniz. Böyük təcrübənizə əsaslanaraq rəhbərlik etdiyiniz televiziyadakı kadrlar haqqında və bir çox ekspertin qeyd etdiyi kadr qıtlığı haqqında nə deyə bilərsiz?

- Təəssüflər olsun ki, informasiya sahəsi də daxil olmaqla, bütövlükdə telejurnalistikada kadr qıtlığı müşahidə olunmaqdadır. Müxtəlif təhsil müəssisələrinin jurnalistika fəkültələrində hazırlanan kadrların nəzəri bilikləri təcrübədə möhkəmləndirilməlidir. Onların təcrübi hazırlığı peşəkarların iştirakı və nəzarəti altında həyata keçirilməlidir. Bizim kanalımızda yaradılmış şərait təcrübəli mütəxəssislərin nəzarəti ilə gənclərə nəzəri biliklərini praktikada tədbiq etmək imkanı verir. Kadr seçiminə gəldikdə, bizim qapımız bütün istedadlı telejurnalistlərin üzünə açıqdır. Əsas diqqət isə yerli kadrların hazırlanması və ixtisaslarının artırılması üçün müvafiq şəraitin yaradılmasına yönəlib. Bu məqsədə çatmaq üçün müvafiq baza yaradılır.

- Hazırda TTV ölkənin yeganə xəbər kanalı olsa da, gələcəkdə xəbər formatlı digər kanalların da açılması istisna deyil. Rəqabətdən qorxmursunuz?

- Biz bu sahədə ilkə imza atdıq. Bununla belə, düşünürəm ki, başqa informasiya kanallarının fəaliyyətə başlaması sadəcə bir qədər vaxt tələb edəcək. Çünki bu istiqamətdə müəyyən işlər görülməkdədir. Hazırda informasiya məkanının genişləndirilməsi və beynəlxalq müstəviyə yüksəlməsi üçün dövlət səviyyəsində zərurir tədbirlər görülür. Rəqabətlə bağlı suala gəldikdə isə, biz ondan çəkinmirik və buna tamamilə hazırıq. Bununla yanaşı, qeyd edim ki, bəzi məsələlərdə qlobal yanaşmaya ehtiyac duyulur. Düşünürəm ki, daxili məkanda rəqabətin mövcudluğu daha yüksək göstəricilər əldə etməyimizə, informasiyanın hazırlanması və təqdimatında ən son nailiyyətlərdən istifadə etməyimizə təkan verəcək. Belə olan halda xarici telekanallarla, hətta onların arasındakı ən şöhrətli televiziyalarla rəqabətə girməyimiz reallaşa bilər.

Ədalət naminə qeyd edim ki, həmin televiziya kanallarının Azərbaycana təsiri hələ çox yüksəkdir. Sirr deyil ki, bu kanalların hər birinin arxasında müəyyən güc mərkəzləri durur ki, onların da maraqlarının Azərbaycanın maraqları ilə üst-üstə düşməməsi adi haldır. Odur ki, ölkəmizdə beynəlxalq səviyyəyə çıxmağa qadir olan milli xəbər kanallarımızın yaradılması hər bir vətəndaşımızın maraqlarına cavab verir. Hazırda vətəndaşlarımızın böyük qismi yerli alternativin olmaması ucbatından rus və türk dilində olan xarici xəbər kanallarına baxmaq məcburiyyətindədir. Biz tamaşaçılarımıza həmin alternativi vermək niyyətindəyik. Məhz elə buna görə də televiziyamızın şüarı belə səslənir: "Bizi seçən əlavə informasiya mənbəyi axtarmayacaq".

- Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı qeyd olunur. Həmkarlarınıza və bütövlükdə Azərbaycan televiziyasına nə arzulayardınız?

- Əvvəla, hamını bu bayram münasibəti ilə təbrik etmək istərdim! İkincisi, xatırladım ki, dövlət müstəqilliyinin əldə olunması ilə Azərbaycan televiziyası da müstəqil oldu. İndi keçmişdə olduğu kimi Moskva və ya hansısa başqa bir güc mərkəzindən göstərişlər gözləmək lazım gəlmir. Belə olan halda dünya teleməkanının müstəqil subyekti olaraq, qərarları tam müstəqil şəkildə qəbul edən Azərbaycan televiziyaları ən yüksək beynəlxalq səviyyədə əməkdaşlıq və rəqabətə hazır olmalıdır. Telekanallarımıza bu yüksək tələblərə cavab verə biləcək fəaliyyət arzulayıram!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti