...

Bakıda qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq QHT forumu keçirilib (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 1 Dekabr 2013 16:38 (UTC +04:00)
Cari ilin 2-8 dekabr tarixində Bakıda keçiriləcək YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çərçivəsində dekabrın 1-də qeyri-maddi mədəni irsin qorunması üzrə ilk beynəlxalq QHT forumu təşkil olunub.
Bakıda qeyri-maddi mədəni irsin qorunması üzrə beynəlxalq QHT forumu keçirilib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:09-yayılıb)

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Cari ilin 2-8 dekabr tarixində Bakıda keçiriləcək YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası çərçivəsindədekabrın 1-də qeyri-maddi mədəni irsin qorunması üzrə ilk beynəlxalq QHT forumu təşkil olunub.

Trend-in məlumatına görə, forumda 150-dən artıq beynəlxalq QHT və Azərbaycan tərəfindən Azərbaycan Xalçaçılar Birliyi və Musiqi Dünyası İctimai Birliyinin nümayəndələri iştirak edirlər.

Forum qeyri-maddi mədəni irsin qorunmasında iştirakçı dövlətlərlə yanaşı, qeyri-dövlət təşkilatlarının rolunun aktivləşdirilməsi və onların beynəlxalq əməkdaşlığa töhfə vermələri baxımından müstəsna əhəmiyyət daşıyır.

Komitənin 8-ci sessiyasının gündəliyində duran məsələlərdən biri QHT-lərin akkreditəsi meyarları və şərtlərinin nəzərdən keçirilməsidir. Hazırda YUNESKO-nun 2003-cü il Konvensiyasına İştirakçı Dövlətlərin Baş Assambleyası tərəfindən 156 QHT akkreditə olunub. Akkreditə olunmuş QHT-lərin əhatə dairəsi kifayət qədər genişdir. Belə ki, bəzi QHT-lər qeyri-maddi mədəni irsin əsas daşıyıcıları ilə sıx əlaqə saxlayır, digərləri sadəcə mədəni vasitəçilik təşkilatı kimi fəaliyyət göstərir, ümumilikdə isə onların mədəni-coğrafi əhatəsi yerli və dünya miqyaslı təşkilatlar səviyyəsinə qədər müxtəliflik təşkil edir.

QHT-lərin akkreditə olunmasının məqsədi Hökumətlərarası Komitəyə məsləhət xidmətlərinin göstərilməsidir. QHT-lər tərəfindən Konvensiyaya maraq böyük olduğundan Katiblik müvafiq təşkilatı və prosessual sənədləşmə işlərinə nəzarət etməlidir. Bu səbəbdən Hökumətlərarası Komitənin bundan əvvəl keçirilmiş 7-ci sessiyasında QHT-lərin akkreditə olunması və qiymətləndirilməsi meyarlarının nəzərdən keçirilməsi məsələsi gündəmdə yer alıb. Həmin sessiya zamanı təşkil olunmuş QHT Forumunda mədəni vasitəçilik, məlumatlılığın artırılması, təmsilçilik və təşviqat işlərində QHT-lərin mühüm rolu müzakirə edilib. Burada QHT-lərin icmaların konvensiyanın işində iştirakı, 2013-cü il Konvensiyasının yerinə yetirilməsi, qeyri-maddi mədəni irsin potensialının gücləndirilməsi və qorunmasında yerli və beynəlxalq proseslərə kömək göstərilməsi məsələləri öz təsdiqini tapıb.

2003-cü il Konvensiyasına akkreditə olunma QHT-lərə bir tərəfdən irs icmaları, digər tərəfdən isə tərəfdaş qurumlar arasında vasitəçilik rolunu oynamağa geniş səlahiyyət verir.

Tədbirdə Bakıda sabahdan öz işinə başlayacaq keçiriləcək UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının əhəmiyyətindən, burada qəbul ediləcək qərarların vacibliyindən danışılıb.

Komitədə QHT-lərin rolunun məhdud olması ilə bağlı narahatlıq yarandığından hazırda bu, diqqət mərkəzində duran məsələdir. Buna görə də forumda Komitə Katiblikdən QHT-lərin profili, onların işlərinin mahiyyəti və Konvensiyanın icrasında göstərə biləcəkləri potensial dəstəyin qiymətləndirilməsi məqsədilə qiymətləndirmə formasının təqdim olunmasını istəyib.

Hazırkı Forum QHT-lərin müxtəlif təcrübələri və əlaqəli fikirlərini bir araya gətirməklə Bakıdakı sessiyanın uğurlu keçməsinə zəmin yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti