...

Prezident Kitabxanasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş nəşrlərin təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2013 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Dekabrın 7-də Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr etdikləri "Heydər Əliyev" ikicildlik tədqiqatlar toplusunun və "Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar" ikicildliyinin təqdimat mərasimi keçirilib.

Ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü ərəfəsində təşkil edilmiş tədbirə dahi şəxsiyyətin həyat yolundan bəhs edən fotoslaydların nümayişi ilə başlanılmışdır.

Layihənin rəhbəri, kitabların elmi redaktoru, giriş məqalələrinin müəllifi Əməkdar Elm Xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, AMEA-nın müxbir üzvi, tarix elmləri doktoru, professor Yaqub Mahmudovdur.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açmışdır.

Azərbaycan xalqının yetişdirdiyi elə dahi şəxsiyyətlər vardır ki, onların həyat və fəaliyyətləri, qoyub getdikləri zəngin irs daim öyrənilir və gələcək nəsillər ondan bəhrələnirlər. Belə şəxsiyyətlərdən biri də xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdir. Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü, bu illər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və incəsənətinin inkişafına ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğı indi də öz bəhrəsini verməkdədir. Ulu Öndərin müəyyən etdiyi Azərbaycanın inkişaf strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mayıl Əhmədov vurğulamışdır ki, hər il ümummilli lider Heydər Əliyevin xatirəsini anma günlərində ölkəmizin hər yerində müxtəlif səpkili tədbirlər keçirilir. AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının yazdıqları bu kitabların ulu öndər Heydər Əliyevin vəfatının onuncu ildönümü ərəfəsində nəşr olunması olduqca təqdirəlayiqdir.

Prezident Kitabxanası ilə AMEA-nın Tarix İnstitutunun sıx əməkdaşlığından danışan direktor vurğulamışdır ki, son illər institutun nəşr etdirdiyi bir çox kitabların təqdimat mərasimləri məhz bizim kitabxanada keçirilmişdir. Eyni zamanda, Azərbaycan tarixi ilə bağlı bir çox kitabların elektron versiyalarının hazırlanmasında birgə fəaliyyət göstəririk. Bizim kitabxanada yeganə olaraq Ümummilli Liderin həyat və fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən, onun irsinin bütün külliyyatını özündə cəmləşdirən "Heydər Əliyev. Elektron sənədlər toplusu" hazırlanmışdır.

Qeyd edilmişdir ki, bu gün ulu öndər Heydər Əliyevə həsr olunmuş kitabların təqdimat mərasiminin Prezident Kitabxanasında keçirilməsinin xüsusi əhəmiyyəti vardır. Hesab edirəm ki, bu gün təqdimatına yığışdığımız Heydər Əliyev irsinin müxtəlif sahələrini özündə əks etdirən tədqiqatların, sənədlər və materiallar toplularının çap edilməsinin tədqiqatçılar və kitabxana-biblioqrafiya xidməti göstərən işçilər və eləcə də geniş oxucu kütləsi üçün çox böyük faydası olacaqdır.

Təqdimat mərasimdə çıxış edən layihənin rəhbəri Yaqub Mahmudov AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmiş ikicildliklərin yazılma səbəblərindən, Ulu Öndərin irsinin gənc nəsillərə çatdırılmasında rəhbərlik etdiyi institutun həyata keçirdiyi layihələrdən söz açmışdır.

Bildirilmişdir ki, Tarix İnstitutunda Azərbaycan xalqının Ümummilli Liderinin siyasi və dövlətçilik fəaliyyətinin akademik səviyyədə hərtərəfli və dərindən tədqiq olunmasına xüsusi diqqət yetirilir. İnstitutda bu məqsədlə geniş tədqiqat işləri aparılır. Ulu Öndərin irsinin müntəzəm olaraq, həm də sistemli surətdə araşdırılması üçün institutda ayrıca "Əliyevşünaslıq" elmi-tədqiqat şöbəsi yaradılmışdır. Şöbənin əməkdaşları, habelə institutun digər alimləri ulu öndər Heydər Əliyevə həsr olunmuş dissertasiya araşdırmaları aparır, çoxsaylı elmi-tədqiqat işləri, o cümlədən monoqrafiyalar yazıb nəşr etdirirlər.

Diqqətə çatdırılmışdır ki, institutun əməkdaşlarının böyük zəhməti hesabına başa gələn "Heydər Əliyev" kitabının birinci cildi dahi şəxsiyyətin ömür yolunun müstəqillik illərinə qədərki dövrünü əhatə edir. Bu cildin hazırlanmasında arxiv materiallarından geniş istifadə olunmuşdur. Nəşrin ikinci cildi dahi şəxsiyyətin ömür yolunun müstəqillik dövrünü əhatə edir.

"Heydər Əliyev" ikicildliyinin ikinci cildi nəşrə hazırlanarkən Ulu Öndərin əsərləri, nitqləri, çıxışları, müxtəlif dövrlərdə nəşr olunmuş ilk mənbələr, o cümlədən arxiv sənədləri və elmi ədəbiyyatdan istifadə edilmişdir.

Azərbaycan xalqının ümummilli lideri, milli qurtuluş mübarizəsinin öndəri və yeni Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş bu ikicildlik Ulu Öndərin dövlətçilik fəaliyyətinin akademik səviyyədə araşdırılması yolunda ilk addımdır.
Vurğulanmışdır ki, "Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar" ikicildliyi dahi şəxsiyyətin irsinin arxiv materialları əsasında tərtib olunmuş ilk akademik nəşridir.

Toplunun birinci cildinə Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada elmin maddi-texniki bazasının və kadr potensiyalının inkişaf etdirilməsi, struktur və təkmilləşdirmə, elmi-tədqiqat işlərinin genişləndirilməsi və keyfiyyətcə yaxşılaşdırılması, elmi-tədqiqat mövzularının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar, proqramlar daxil edilmişdir. Topluda, həmçinin ulu öndər Heydər Əliyevin həmin dövrdə Azərbaycan elminin vəziyyəti və perspektivləri, elmi nəticələrin istehsalata tətbiqi və başqa məsələlər barədə müxtəlif toplantılarda, forumlarda etdiyi çıxışlara da geniş yer ayrılmışdır.

Nəşrin ikinci cildinə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003) həyata keçirdiyi elm siyasəti ilə bağlı sənədlər və materiallar daxil edilmişdir. Topluya daxil edilmiş sənədlər içərisində Ulu Öndərin imzaladığı fərmanlar, sərəncamlar, müxtəlif vaxtlarda söylədiyi nitqlər, alim və ziyalılarla görüşlərindəki çıxışları, görkəmli elm və mədəniyyət xadimlərinin yubileyləri ilə bağlı, eləcə də respublikada keçirilən simpozium və konfranslara təbrik məktubları və digər materiallar üstünlük təşkil edir.

Qeyd edilmişdir ki, hər iki nəşr tədqiqatçılarla yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Tədbirdə Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Milli Məclisin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı və Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək Azərbaycan xalqının və torpağının yorulmaz təəssübkeşi olan qüdrətli şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərindən söz açmış və təqdimatı keçirilən kitabların dahi şəxsiyyətin irsinin daha geniş şəkildə öyrənilməsinə öz töhfəsini verəcəyini söyləmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti