...

Bakıda baş verən yol qəzalarında ölən uşaqların sayı artıb

Cəmiyyət Materials 14 Yanvar 2014 12:57 (UTC +04:00)
2013-cü il ərzində Bakıda 1011 yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 342 nəfər ölüb, 1000 nəfər xəsarət alıb.
Bakıda baş verən yol qəzalarında ölən uşaqların sayı artıb

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İzzət/

2013-cü il ərzində Bakıda 1011 yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 342 nəfər ölüb, 1000 nəfər xəsarət alıb. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 57 hadisə, 26 xəsarət faktı azalsa da, ölənlərin sayı 12 nəfər artıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

V.Əsədov bildirib ki, hadisələr əsasən sürət həddinin aşılması, ötmə, manevretmə, yolayrıcı qaydalarının pozulması nəticəsində baş verib. Yol-nəqliyyat hadisələri ən çox bazar ertəsinə, şənbə-bazar günləri isə günün qaranlıq vaxtlarına təsadüf edir.

Onun sözlərinə görə, yol qəzalarında həlak olan şəxslərin 239-u kişi, 85-i qadın, 18-i azyaşlı, xəsarət alanların isə 652-si kişi, 287-si qadın, 61-i azyaşlı uşaq olub.

Ötən il azyaşlılarla əlaqədar 75 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 18 uşaq ölüb, 61 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlardan 22 hadisədə 8 məktəbəqədər yaşlı uşaq həlak olub, 14 məktəbəqədər yaşlı uşaq isə xəsarət alıb.

Məktəbyaşlı uşaqların iştirakı ilə 53 hadisə baş verib ki, bu zaman 10 şagird ölüb, 47 şagird xəsarət alıb. 2012-ci illə müqayisədə 21 hadisə, 24 xəsarət faktı azalsa da, 2 ölüm faktı artıb.

Hadisələr əsasən paytaxtın Heydər Əliyev, Nobel, Azadlıq, Qara Qarayev, Gəncə, Babək, Ziya Bünyadov, Neftçilər prospektləri, Zığ, Mərdəkan, Salyan, Şəhər, Binəqədi şosselərində və Kənar Dairəvi yolda baş verib.

Piyadaların vurulması ilə nəticələnən 527 qəza baş verib. Bu, ümumi hadisələrin 52,1 faizini təşkil edib ki, bu zaman 179 nəfər ölüb, 379 nəfər xəsarət alıb.

Təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən tədbirlər nəticəsində yol polisi əməkdaşları tərəfindən yol hərəkətini pozan sürücülər barəsində 602 283 inzibati protokol (2908-i avtomobilin sərxoş vəziyyətdə idarə edilməsinə görə, 7753-ü sürət həddinin aşılmasına görə, 413-ü avtoxuliqanlığa görə, 6358-i işıqforun qırmızı işığında keçməyə görə, 1897-si sərnişindaşıma qaydalarının pozulmasına görə, 49 mini ötmə, manevretmə, yolayrıcını keçmə qaydalarının pozulmasına görə və s.) tərtib edilib.

Bundan əlavə, il ərzində yol hərəkəti qaydalarını pozan 139 658 piyada da inzibati məsuliyyətə cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti