...

İrana qaçaqmalçılıq yolu ilə narkotik maddələrin dəniz nəqliyyatı ilə gətirilməsi halları artıb

Cəmiyyət Materials 16 Yanvar 2014 11:14 (UTC +04:00)
Bu ilin ötən 9 ayı ərzində (İranda il martda dəyişir) İranın Hörmuzqan əyalətində 90 tondan artıq narkotik maddə müsadirə olunub.
İrana qaçaqmalçılıq yolu ilə narkotik maddələrin dəniz nəqliyyatı ilə gətirilməsi halları artıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir T.Cəfərov/

Bu ilin ötən 9 ayı ərzində (İranda il martda dəyişir) İranın Hörmuzqan əyalətində 90 tondan artıq narkotik maddə müsadirə olunub. Bu, onu göstərir ki, İrana qaçaqmalçılıq yolu ilə narkotik maddələrin dəniz nəqliyyatı vasitəsi ilə gətirilməsi hallarının sayı artıb. Bunu İranın polis rəisinin müavini Əhməd-Rəza Radan bu gün İranın Bəndər Abbas limanında jurnalistlərə deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Radan deyib ki, narkotik maddələrin qaçaqmalçılığı tədricən quru sərhədlərdən dəniz sərhədlərinə tərəf yönəlib: "Polis buna hazır olmalıdır və hazırlıq səviyyəsini artırmalıdır. Ona görə ki, suda narkotik qaçaqmalçıları ilə mübarizə daha çətindir".

Onun sözlərinə görə, İran qaçaqmalçılıq və narkotik maddələrlə mübarizədə quru sərhədlərində tam nəzarət edir.

İran tiryək istehsalçısı olan Əfqanıstanla Avropa arasında tranzit dəhlizdə yerləşib. İran hökuməti narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə təhlükəsizlik xidmətinin min əməkdaşını ölkənin şərq sərhədinə göndərib və 1000 kilometrdən çox bənd, kanal, sement divar inşa edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məruzəsinə əsasən, Əfqanıstan və Pakistan arasında sərhəd regionu silah və narkotik maddələrin qanunsuz ticarəti, eləcə də qeyri-leqal miqrasiya üçün dünyada ən böyük azad ticarət zonalarından birinə çevrilib.
İranın Əfqanıstan ilə sərhədi 900 kilometrdir və buradan tiryək qaçaqmalçılığının təqribən 74 faizi həyata keçirilir.

İran son illər narkotik qaçaqmalçılığı ilə mübarizəni gücləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti