...

UAGB sədri: Ukraynada təhsil alan azərbaycanlı gənclər Kiyevdə baş verən qarşıdurmalarda iştirak etmirlər (MÜSAHİBƏ)

Cəmiyyət Materials 24 Yanvar 2014 13:38 (UTC +04:00)
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri, siyasi elmlər namizədi Anar Tahirovun Ukraynada baş verən son hadisələrlə bağlı Trend-ə müsahibəsi
UAGB sədri: Ukraynada təhsil alan azərbaycanlı gənclər Kiyevdə baş verən qarşıdurmalarda iştirak etmirlər (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Mehdiyev/

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri, siyasi elmlər namizədi Anar Tahirovun Ukraynada baş verən son hadisələrlə bağlı Trend-ə müsahibəsi

- Anar müəllim, sizcə Ukraynada nələr baş verir?

- Öncə onu deyim ki, Ukrayna Avropa ilə Rusiyanın strateji maraqlarının kəsişdiyi ən önəmli ölkələrdən biridir. Bu baxımdan tarix boyu Ukrayna xalqı öz milli müqəddaratını həll etmək məqamında hər iki güc mərkəzinin gərgin siyasi-psixoloji mübarizə məngənəsinin sıxıntısı ilə üzləşib. Bu gün Ukrayna xalqı növbəti mübarizə tarixini yaşayır. Və düşünürəm ki, zaman-zaman gərgin mübarizə sınaqlarından keçən Ukrayna xalqı ağrılı-acılı yollardan keçərək düşündükləri mənzil başına yaxınlaşmağa cəhd göstərirlər.

Təbii ki, bu yol çətin və hər an ehytiyatlı olmağı tələb edən yoldur. Bu gün Ukraynada cərəyan edən siyasi olaylar 2004-cü ildə baş verən narıncı inqilabdan fərqli olaraq öz məcrasından çıxmaq üzrədir. İstənilən an barıt çəlləyini xatırladan prosesə təxribatçı qüvvələr tərəfindən od vurula bilər ki, bu da baş verən olayları mahiyyətindən uzaqlaşdırar. Əminəm ki, Ukrayna xalqı müdrik xalq olduğu üçün bu proseslərdən ağılla çıxmağı bacaracaq. İctimai sabitliyi bərqərar etmək üçün bir araya gəlməklə müstəqil Ukraynanı üzləşdiyi iqtisadi-siyasi böhrandan çıxarmağa müvəffəq olacaqlar.

- Ukraynada onminlərlə azərbaycanlı yaşayır. O cümlədən minlərlə azərbaycanlı gənc müxtəlif ali təhsil ocaqlarında təhsil alır. Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclər necə, bu proseslərə qoşulurlarmı?

- Ukraynanın müxtəlif ali təhsil ocaqlarında 6 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Əlbəttə, bu qədər tələbəyə nəzarət etmək, onlarla əlaqə yaratmaq heç də asan məsələ deyil. Bu baxımdan 2010-cu ildən təsis etdiyimiz Ukrayna Azərbaycanlı Gənclər Birliyi Ukraynada təhsil alan azərbaycanlı tələbələrlə koordinasiya məsələsində müstəsna rol oynayır. Artıq UAGB-nin Ukraynanın 20 vilayətində regional təşkilatları fəaliyyət göstərir. Demək olar ki ,Ukraynanın bütün ali təhsil ocaqlarında UAGB-nin koordinatorları var və biz bu vasitə ilə tam olmasa da, nisbətən bütün tələbələbələrimizlə yaxından əlaqə saxlaya bilirik.

Ukraynada siyasi hadisələrlə bağlı demək olar ki, hər gün regional təşkilatların rəhbərləri və ali təhsil ocaqlarındakı koordinatorlarımızla sıx əlaqə saxlayırıq. Birmənalı şəkildə deyə bilərəm ki, Ukraynada təhsil alan azərbaycanlı gənclər Kiyev şəhərində baş verən qarşıdurmalarda iştirak etmirlər. Çünki onlar Azərbaycan vətəndaşı olaraq heç bir siyasi prosesə qoşula bilməzlər. Gənclərimizin qarşısında bir missiya dayanır - yaxışı təhsil almaq və boş vaxtlarında ictimai, mədəni tədbirlərdə yaxından iştirak etməklə Azərbaycanla Ukraynanın tarixi dostluq əlaqələrinin inkişafına öz töhfələrini vermək. Bu, o anlama gəlməsin ki, biz Ukraynada baş verən hadisələrə biganə yanaşırıq. Əksinə, biz Ukrayna dövlətinin inkişafında və Ukrayna xalqının rifah halının yüksəlməsində maraqlıyıq. Hər zaman Ukrayna xalqının seçiminə və milli maraqları naminə həyata keçirdikləri islahatlara hörmətlə yanaşırıq.

- Ukraynanın mərkəzindəki Avromaydanda 2 aydan çoxdur mitinqlər gedir. Siyasi olaylar getdikcə kəskinləşir. Kiyev şəhəri son 100 ilin ən mürəkkəb günlərini yaşayır. Nə iqtidar, nə də müxalifət kompromisə getmək istəyir. Bir politoloq kimi bu hadisələrin sonunu necə görürsünüz?

- İnanıram ki, ölkənin ziyalıları, elm xadimləri və siyasi elitası son anda bir araya gələrək iqtidar və müxalifəti "dəyirmi masa" ətrafında birləşdirməklə optimal qərarın qəbul edilməsinə nail olacaqlar. Düşününrəmki, iqtidar da bu yolda müxalifət liderlərini danışıqlara dəvət etməklə kompromisə getməlidir. Təbii ki, qəbul olunan hər bir qərarda Ukraynanın milli maraqları, o cümlədən Avropa və Rusiya ilə qonşuluq siyasətinə xüsusi önəm verilməlidir. Bu baxımdan istər Rusiya, istərsə də Avropa müstəqil dövlət kimi Ukraynanın milli maraqlarına hörmət nümayiş etdirməklə siyasətlərini bu ölkəyə diktə etməməlidirlər. Çünki elə məsələlər var ki, bunu həll etmək üçün zamana eytiyac duyulur. Zamanı zorlamaqla nəyəsə nail olmaq isə çox vaxt özünü doğrultmur. Bu baxımdan Ukrayna xalqına öz müqəddəratlarını həll etmək üçün zaman lazımdır. İnqilab meydanlarda yox şüurlarda, təfəkkürlərdə aparılmalıdır. Dünyanın bir çox ölkələrində baş verən inqilablar bir daha onu sübuta yetirdi ki, meydanlarda düşüncəsiz inqilablar xalqlara ağrı-acıdan, faciəli itkilərdən başqa heç nə vermir. Təsəvvür edin, Azərbaycan xalqı bu prosesləri 1990-93-cü illərdə yaşamasına baxmayaraq, hələ də bunun mənəvi-psixoloji sarsıntılarını bu gün də yaşayır. İnanıram ki, Ukraynada baş verən siyasi böhran tezliklə danışıqlar və tərəflərin kompromisə getməsi ilə başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti