...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizmə qarşı əməli tədbirlər görür

Cəmiyyət Materials 29 Yanvar 2014 12:15 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimləri və ilahiyyatçılar üçün kurslar təşkil edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizmə qarşı əməli tədbirlər görür

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi din xadimləri və ilahiyyatçılar üçün kurslar təşkil edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili, gücləndirilməsi və genişləndirilməsi, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə Dini Araşdırmalar Mərkəzi ilə birgə istiqamətləndirici təlim kursları təşkil edir.

Ötən ilin sonuncu rübündən başlayan kurslar əvvəlcədən hazırlanmış qrafikə əsasən indiyədək Bakıda və Zaqatalada təşkil olunmuş və növbəti təlim kursu yanvar ayının 28 və 29-da Şirvan və Şimal-Qərb bölgələri üzrə Ağdaş rayonunda keçirilib.

Ağdaşda Qafqaz Müsəlmanları İdarəsinin iştirakı ilə cəlb olunmuş 50-dən çox din xadimi, dini icma sədri və nüfuzlu ilahiyyatçının iştirakı ilə təşkil olunmuş iki günlük kursda ölkənin bu sahə üzrə tanınmış mütəxəssisləri "Azərbaycanda dövlət-din münasibətləri: problemlər və onların həlli yolları", "Müstəqillikdən sonra Azərbaycanda din və milli-mənəvi dəyərlər", "Dini radikallığın yaranma səbəbləri və təzahür formaları", "Din xadimlərinin natiqlik qabiliyyəti və motivasiya üsulları", "Məzhəblərarası yaxınlaşma və dinlərarası dialoq prinsipinin əsasları", "Dini radikalizmlə mübarizədə dünya təcrübəsi" və digər aktual mövzularda mühazirələr oxuyublar.

Kursun açılış mərasimində çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması və dini maarifçilik işinin düzgün metodlarla təşkili istiqamətində Komitə tərəfindən həyata keçirilən tədbirlərdən danışıb: "Qeyd olunan sahədə qarşıya qoyulmuş məqsədlərə çatmaq baxımından ən vacib amillərdən biri də radikal və zərərli dini qruplara qarşı mübarizədə sağlam mövqe nümayiş etdirən din xadimlərinin və nüfuzlu ilahiyyatçıların bu istiqamətdə fəaliyyətlərinin düzgün qurulması və təşkil olunmasıdır".

Daha sonra din sahəsində mövcud problemlər və onların həll yollarından danışan Dövlət Komitəsinin nümayəndəsi dini maarifçilik işinin kəmiyyət və keyfiyyət baxımından artıq yeni mərhələdə, cəmiyyətin və müasir dövrün tələblərinə uyğun aparılmasının zəruriliyini qeyd edib. Sədr müavini bildirib ki, cəmiyyətdə maarifçilik işini aparan din xadimlərinin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin müxtəlif istiqamətli kurslara cəlb olunması bundan sonra da davam etdiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti