...

Qara Dəniz Universitetləri şəbəkəsinin baş katibi Bakı Ali Neft Məktəbində olmuşdur (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2014 11:47 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin professor müəllim heyəti ilə görüşdə rektor Elmar Qasımov qonağa təhsil müəssisəsinin yaranma tarixi, 2-illik fəaliyyəti ərzində əldə etdiyi uğurları
Qara Dəniz Universitetləri şəbəkəsinin baş katibi Bakı Ali Neft Məktəbində olmuşdur (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Qara Dəniz Universitetləri şəbəkəsinin Baş katibi professor Eden Mamut Bakı Ali Neft Məktəbində olmuşdur.

BANM-dən Trend-ə verilən məlumata görə, Bakı Ali Neft Məktəbinin professor müəllim heyəti ilə görüşdə rektor Elmar Qasımov qonağa təhsil müəssisəsinin yaranma tarixi, ikiillik fəaliyyəti ərzində əldə etdiyi uğurları, tədris prosesinin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları və müasir texnologiyalar əsasında həyata keçirildiyi haqqında məlumat vermiş və məzunlara hər iki ali təhsil müəssisəsinin diplomlarının veriləcəyini qeyd etmişdir. Rektor təhsil müəssisəsinin fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamət olduğunu bildirmiş, bu istiqamətdə görülmüş işlər, Avropa ölkələrinin bir sıra aparıcı təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri haqqında qonağı məlumatlandırmış, Qara Dəniz Universitetləri şəbəkəsi ilə əməkdaşlıq əlaqələrinin qurulmasının Bakı Ali Neft Məktəbinin Qara Dəniz hövzəsi ölkələrinin aparıcı universitetləri ilə əməkdaşlığının genişləndirilməsində önəmli rol oynayacağını qeyd etmiş, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün təkliflər irəli sürmüş və şəbəkənin rəhbərliyinə kollektivin minnətdarlıq hisslərini çatdırmışdır.

Qara Dəniz Universitetləri şəbəkəsinin baş katibi professor Eden Mamut Azərbaycanın gənc və müasir tipli texniki ali təhsil müəssisəsində olmağından məmnunluq hissləri keçirdiyini bildirmiş, rəhbərlik etdiyi təşkilatın Qara Dəniz hövzəsi ölkələrinin ali təhsil müəssisələri arasında mütəxəssis hazırlığı, elmi-tədqiqat işləri, informasiya, təcrübə mübadiləsi kimi istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət etdiyini vurğulamış, bu işlərin həyata keçirilməsi üçün təşkil edilən konsorsiumlar və mərkəzlərin yaradılması, biliklərin yayılmasının proseslərinə universal yanaşmalar haqqında məlumat vermiş və Bakı Ali Neft Məktəbinin bu təşkilata üzv qəbul edildiyini bildirmişdir.

Görüş zamanı Bakı Ali Neft Məktəbi ilə Qara Dəniz Universitetləri Assosiasiyasına üzv olan universitetlər arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilmişdir.

Daha sonra professor Eden Mamut Bakı Ali Neft Məktəbinin Qara Dəniz Universitetləri şəbəkəsinə üzv qəbul edildiyini təsdiqləyən sertifikatı təhsil ocağının rektoru Elmar Qasımova təqdim etmişdir.

Görüşün sonunda Bakı Ali Neft Məktəbi ilə Qara Dəniz Universitetləri şəbəkəsi arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələrə görə professor Eden Mamuta "Fəxri qonaq" diplomu təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti