...

"Kaspi" qəzeti Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı "Xüsusi buraxılış" hazırlayıb

Cəmiyyət Materials 5 Mart 2014 18:15 (UTC +04:00)
"Kaspi" qəzeti Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı "Xüsusi buraxılış" hazırlayıb.
"Kaspi" qəzeti Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı "Xüsusi buraxılış" hazırlayıb

Azərbaycan, Bakı, 5 mart /Trend/

"Kaspi" qəzeti Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı "Xüsusi buraxılış" hazırlayıb.

Redaksiya məqaləsində deyilir: Azərbaycanda XIX əsrin ikinci yarısından maarifçi realizm prinsipləri ilə başlayan, sonradan tənqidi realizm nümayəndələrinin timsalında özünün zirvəsinə çatan milli oyanış, tərəqqi və ədalət uğrunda gedən ideya savaşının fəth etdiyi iki zirvədən biri Azərbaycan adının coğrafi anlamdan çıxıb siyasi məzmun kəsb etməsi və müstəqil Cümhuriyyətimizin yaranması idisə, digəri müsəlman Şərqinin oyanması, ən nəhayət, Atatürkün başladığı istiqlal savaşı idi. Qlobal və kəskin dəyişikliklərlə yadda qalan XIX əsrin sonu, XX əsrin əvvəllərində ideya savaşına atılan Əli bəy Hüseynzadə geniş miqyaslı fəaliyyəti ilə özünü ictimai fikirdə qələm adamı, ideoloq, siyasətçi kimi təsdiqləyərək milli mübarizənin nəzəri əsaslarının hazırlanmasına böyük töhvələr vermişdir. Tiflisdə, Peterburqda mükəmməl təhsil alıb, İstanbulda tibb ixtisasına yiyələnərək fəal siyasi mübarizəyə qoşulan, Osmanlı İmperiyasında mütərəqqi və zəruri islahatların həyata keçirilməsini hədəfləyən İttihad və Tərəqqi partiyasının yaradıcılarından olmuşdur.

Siyasi baxışlarına görə təqib olunduğu üçün 1903-cü ildə Bakıya dönür və dostları Əlimərdan bəy Tobçubaşovun, Əhməd bəy Ağaoğlunun çalışdığı "Kaspi" qəzetində fəaliyyətə başlayır. Az sonra Ağaoğlu ilə birlikdə Azərbaycan mətbuat tariximizdə məfkurə qəzeti kimi iz qoymuş "Həyat" qəzetinin yaradıcısı və redaktoru olur. Onun mətbu irsinin zirvəsi hesab olunan "Füyuzat" jurnalı düşüncələrdə islahat aparmağı qarşısına məqsəd qoyaraq romantizmə yeni nəfəs gətirən, sonrakı mətbu nəşrlərin işinə təkan verən ideya xəzinəsi idi.

Əli bəy Hüseynzadə görkəmli şəxsiyyət kimi yaddaşlarda yalnız nəzəri fikirlərin müəllifi kimi deyil, həmçinin istedadlı şair, rəssam, həkim kimi qalmışdır. Bu böyük şəxsiyyətin yaradıcılığının öyrənilməsi, əsaslı təbliğ olunması həmişə zəruridi. Prezident İlham Əliyevin böyük ədibin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamı - milli-tarixi dəyərlərimizin dirçəldilməsinə rəsmi münasibət və dövlətin bu işə dəstəyi kimi qiymətləndirilməlidir. Əlimərdan bəy Tobçubaşovun 150, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileylərinin dövlət səviyyəsində keçirilməsi ötən əsrin əvvəllərində istiqlal savaşının iştirakçılarının zəngin irsinə hörmətin bariz nümunəsidir. Ulu öndər Heydər Əliyevin milli tarix şüurunun formalaşdırılması və gənc nəslə çatdırılması yönümündə çoxşaxəli fəaliyyəti, həyata keçirdiyi starateji xətt müstəqil Azərbaycanda bu gün daha inamla, yeni keyfiyyət mərhələsində davam etdirilir.

Mustafa Kamal Atatürkün belə bir etirafı var: "Ətimin və sümüklərimin atası Əli Rza Əfəndidirsə, fikrimin atası Ziya Göyalpdır". Türkçülüyün digər görkəmli fikir babalarından olan Yusuf Akçura isə deyir: "Əli bəy Hüseynzadənin "şairanə turançılığı, 1908-ci ildən sonra İstanbulda digər turançıları, başlıcası Ziya Göyalpı yaratmışdır". Əli bəyin turançılıq sevdası neçə türk öncülünün ürəyini fəth etmiş, zəkasına hakim kəsilmişdi. Bunlardan biri də Bakını daşnak-ingilis qalıqlarından xilas edən, daha sonra isə Türküstanda rus istilasına qarşı basmaçı hərəkatı kimi əzəmətli müqavimətə başçılıq edən Nuru Paşa olmuşdu. Bu baxımdan türk əsgərinin canından keçərək Bakını xilas etməsinin ideya müəlliflərindən biri Əli bəy Hüseynzadədir.

Vaxtilə Əli bəyin dilinin ucunda qalan "həqiqətin əzəmi"ni bu gün biz var gücümüzlə söyləməliyik. Artıq bu həqiqət ruhumuza, canımıza elə hopub ki, nə dilimizi kəsə bilərlər, nə qələmimizi qıra!..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti