...

ADA Universitetinin səkkiz yaşı tamam olur

Cəmiyyət Materials 6 Mart 2014 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir S.Əhmədova/

Bu gün ADA Universitetinin səkkiz yaşı tamam olur.

Trend-in ADA Universitetinin Kommunikasiya Departamentinə istinadən verdiyi məlumata görə, 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmiş Azərbaycan Diplomatik Akademiyası hazırda dörd fakültəni (İctimai və Beynəlxalq Münasibətlər, Biznes, Humanitar və Təbiət Elmləri, İnformasiya Texnologiyaları və Mühəndislik) birləşdirən, yeddi yüzdən çox tələbənin, o cümlədən 28 ölkədən 48 əcnəbi vətəndaşın təhsil aldığı bir Universitetə - ADA Universitetinə çevrilmişdir.

ADA Universiteti özünün əsas məqsədini qlobal baxışlı liderlərin və məsuliyyətli vətəndaşların yetişdirməsində görür. Universitetin təhsil proqramları, tədris metodikası dünyanın ən qabaqcıl təcrübəsinə əsaslanır. Tələbələr "yaşıl" və "ağıllı" akademik kampusda müasir avadanlıq və kitabxana resursları ilə təmin olunublar. Məzunlarımız dünyanın bir çox ölkəsində karyera uğurları əldə ediblər.

"İnkişaf etməkdə olan ali təhsil müəssisəmizin bu günə qədər əldə etdiyi uğurlar Azərbaycanın təhsil sisteminin təkmilləşdirilməsinə və inkişafına xidmət göstərir, modernləşən iqtisadiyyatımızı gənc peşəkar kadrlarla təmin edir. Bu illər ərzində ADA Universiteti bir çox yeniliklərə imza atmışdır və biz gələcəkdə də təhsil sahəsində beynəlxalq təcrübəni ölkəmizə gətirmək niyyətindəyik", ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirmişdir.

Bu illər ərzində ADA Universiteti Azərbaycanda ilk dəfə olaraq uzunmüddətli və aşağı faizli təhsil kreditləri, Xaricdə Təhsil alan Azərbaycanlı Doktorların İnkişafına Dəstək Proqramı, Niderlandın Maastrixt Menecment Məktəbi ilə birgə beynəlxalq akkreditə olunmuş MBA proqramı və bu proqram çərçivəsində təhsil alacaq azərbaycanlı tələblərin Xaricdə Təhsil Proqramı tərəfindən maliyyələşdirilməsi, Universitet tərəfindən təsis edilmiş və özəl sektor ilə sıx işbirliyi quran ADA Fondunun yaradılması və s. bu kimi innovativ işlər həyata keçirmişdir. 8 il ərzində 35 xarici universitet ilə tələbə və müəllim mübadiləsi proqramı icra edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti