Azərbaycan, Bakı, 28 mart /Trend/
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında "Azərbaycan bayrağı" ordenli qəhrəman İbad Hüseynovla görüş keçirilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində hər bir azərbaycanlının Milli Qəhrəman kimi qəbul etdiyi, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuş və Qarabağda soydaşlarımıza dəhşətli işgəncələr vermiş, türklərin düşməni olmuş "Avo" ləqəbli erməni terrorçusu Monte Melkonyanı məhv etmiş qəhrəmanımız İbad Hüseynovla "Qəhrəmanlıq və vətənpərvərlik simvolu" sərlövhəsi ilə görüşümüzdür: "Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində görüşümüzün keçirilməsinin də rəmzi mənası ondan ibarətdir ki, azərbaycanlılar ermənilər tərəfindən etnik-milli təmizləmələrə, deportasiyalara, soyqırıma məruz qalmalarına baxmarayaq, qəhrəmanlığımızı dəfələrlə sübut edirik, düşmənə sarsıdıcı zərbələr vururuq, torpağımızın hər qarışı üçün savaşırıq. Eyni zamanda, erməni faşistləri bir daha görürlər ki, Azərbaycanın İbad Hüseynov, şəhid olmuş Mübariz, Fərid kimi qəhrəmanları var və bu Vətən müdafiə olunur, hətta daim müharibəyə, torpaqlarımızı azad etməyə hazırıq".
Sonra İbad Hüseynovun qəhrəmanlığından bəhs edən film nümayiş etdirilib.
Filmdə həyatını Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizələrə sərf etmiş İbad Hüseynovun Qarabağ savaşında əsl kəşfiyyatçı kimi dəfələrlə ermənilərə ağır zərbələr endirməsi, bacarıqlı və cəsur döyüşçü kimi ağır yaralandıqdan sonra onun müalicə alaraq yenidən döyüş bölgəsinə qayıdaraq düşmənin susdurulmasında öz sözünü deməsi görüşdə iştirak edən gənclər tərəfindən ayaqüstü alqışlarla qarşılanıb.
Filmin nümayişindən sonra çıxış edən "Atilla" jurnalının baş redaktoru Gülşən Behbud İbad Hüseynovun qəhrəmanlığını Azərbaycan tarixinin bir səhifəsi kimi qiymətləndirərək son illərdə Azərbaycan dövləti tərəfindən Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin nəticələrinin, eləcə də Qarabağ haqqında həqiqətlərin dünyaya daha dolğun və obyektiv çatdırılması istiqamətində çox mühüm addımların atıldığını bildirib.
Baş redaktor, həmçinin jurnalın məramı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və bugünkü gəncliyin öz tarixini mükəmməl bilməli olduğunu vurğulayıb.
Sonra çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısının müavini Gülnaz İsrafilova bildirib ki, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək düşmənə dəfələrlə sarsıdıcı zərbələr endirən İbad Hüseynovun tələbələrlə görüşü unudulmaz və yadda qalan hadisədir. Onun Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq şücaətinin indiki və gələcək nəsillərə əsl örnək olduğunu vurğulayan Gülnaz İsrafilova bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının, xüsusən də gənclərin Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin çağırışı ilə silaha sarılaraq işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad etməyə borclu olduqlarını vurğulayıb.
Nizami rayon Ağsaqqallar Şurasının sədri Mail Əliyev görüşü yüksək qiymətləndirdiyini və bu görüşün yaddaşında unudulmaz xatirə kimi qalacağını söyləyib. Natiq deyib ki, İbad Hüseynov Azərbaycanın ilk hərbi kəşfiyyatçılarından biri kimi ASALA-nın liderlərindən biri, beynəlxalq terrorçu, Xocalı soyqırımında ağlagəlməz vəhşiliklər törədən "Avo" ləqəbli Monte Melkonyanı Qarabağda məhv etməklə yüzlərlə günahsız soydaşımızın qisasını alıb.
Daha sonra "Azərbaycan Bayrağı" ordenli qəhrəman kəşfiyyatçı İbad Hüseynov nitq söyləyərək gənclərə öz keçdiyi döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirib ki, 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olur. İbad ilə Monte kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Monteyə atəş açdıqdan sonra erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməyi yalvarır. Elə buradaca ermənilər arasında məşhur və az qala əfsanəvi erməni komandirinin sonu gəlir. Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad özü ilə silah, şəkillə bloknot, çəkmə, siqaret və qələm götürür.
Qəhrəman kəşfiyyatçı İbad Hüseynov işğal altında olan torpaqlarımızın düşmənlərdən təmizlənməsi naminə yenidən döyüşə atılmağa hazır olduğunu deyərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Tədbirin sonunda YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bir daha vurğulayıb ki, gənclər xalqımızın yaşadığı faciələr, soyqırımları haqqında məlumatlı olmaqla yanaşı, Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub, düşmənə sarsıdıcı zərbələr endirmiş İbad Hüseynovu, bu igid kəşfiyyatçının döyüş yoldaşlarını tanımalı və onlardan nümunə götürməlidirlər. Gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün belə canlı qəhrəmanlar təbliğ edilməlidir. Çünki onların keçdiyi döyüş yolu gənclərimiz üçün bir örnəkdir.
Sonda xatirə şəkilləri çəkilib.