...

DQİDK cəmiyyətdə dini radikalizm meyillərinin qarşısının alınması tədbirlərini davam etdirir (FOTO)

Cəmiyyət Materials 11 Aprel 2014 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir İ.İzzət/

İsmayıllıda "Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması" mövzusunda iki günlük konfrans işinə başlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi ilə bu gün İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun dini icmalarının sədrləri, din xadimləri, eləcə də fəal ictimaiyyət nümayəndələri üçün "Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması" mövzusunda iki günlük konfrans işinə başlayıb.

Konfransın öz işinə Prezident İlham Əliyev tərəfindən bərpa edilmiş, Qafqazın ən qədim məscidlərindən olan Şamaxı Cümə məscidinin timsalında milli-mənəvi dəyərlərimizə göstərilən qayğını əks etdirən "Əbədi işığın abidəsi" sənədli filminin nümayişi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan DQİDK sədri Elşad İskəndərov konfransın keçirilməsi məqsədini açıqlayıb: "Konfransın əsas məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərinin həlli prosesinə cəlb olunmasıdır".

Dövlət Komitəsinin sədri bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışıb, dövlətin din siyasətinin pozitiv dünyəviçilik əsasında qurulduğunu vurğulayıb. Onun sözlərinə görə, bunun nümunəsi olaraq dövlət başçısının qayğısı nəticisində son 10 il ərzində ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən qurma işləri aparılıb, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub.

Daha sonra DQİDK tərəfindən son vaxtlarda radikal dini cərəyanlar və hərəkətlərin qarşısının alınması istiqamətində həyata keçirilmiş işlər haqqında məlumat verilib. Bildirilib ki, bu istiqamətdə son üç ayda 10-dan çox qısamüddətli təlim kursları keçirilib, 10-a yaxın ədəbiyyat nəşr edilib, bir sıra dini icmaların yenidən dövlət qeydiyyatına dəstək verilib, icmaların nizamnamələrinin qanunvericiliyə uyğunluğunun yoxlanması işlərinin mexanizmi hazırlanıb və tətbiq edilib.

Daha sonra çıxış edən Prezident Adminstirasiyasının Millətlərarası, multukultiralizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin nümayəndəsi Müzəffər Talıblı yeni Dövlət müşavirliyi xidmətinin yaradılmasını Prezident İlham Əliyev tərəfindən adıçəkilən sahəyə qarşı yüksək diqqət və qayğının bariz nümunəsi adlandırıb.

Millət vəkili Novruz Aslan isə çıxışında belə bir tədbirin təşkilinə görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açıb.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Hacı Fuad Nurullayev isə çıxışında ölkəmizdə bütün dinlərə yaradılan şəraitdən danışıb. O, qeyd edib ki, bu gün dindarların üzərində olan əsas məsuliyyətlərdən biri də inkişaf edən Azərbaycanın çiçəklənməsinə öz töfhələrini verməkdir.

Konfrans çərçivəsində İsmayıllı və ətraf rayonlardan olan dövlət qeydiyyatına alınmış 5 icmaya şəhadətnamələr təqdim edilib. Konfrans öz işini "Milli-mənəvi dəyərlərimizə baxış: tarixilik və müasirlik", "Dini radikalizm və onunla mübarizə üsulları", "Din xadimlərinin fəaliyyət perspektivləri", "Azərbaycanda dövlət-din münasibətləri və dini icmalar", "Cəmiyyətin inkişafı və dini dəyərlər" panelləri üzrə davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti