...

Səyyar "ASAN xidmət" Tovuz, Qazax və Ağstafanın 330 mindən çox sakininə xidmət göstərəcək

Cəmiyyət Materials 28 Aprel 2014 10:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən, "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 27 aprel-8 may tarixində Tovuz, Qazax, Ağstafa rayonlarının 330 000-dən çox olan sakini səyyar "ASAN xidmət"dən Tovuz rayonunda yararlana biləcəkdir.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:
Notariat fəaliyyəti;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;
Əmək pensiyalarının təyin edilməsi;
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

2014-cü dekabr ayına qədər səyyar "ASAN xidmət" vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti