...

Azərbaycanın şəhid hərbçiləri Fikrət Məmmədov və Xudaverdi Abilov dəfn edilib (FOTO)

Cəmiyyət Materials 29 May 2014 16:02 (UTC +04:00)
Erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqınının qarşısını alarkən şəhid olmuş kapitan Məmmədov Fikrət Akif oğlu mayın 29-da Bakı şəhərində dəfn olunub.
Azərbaycanın şəhid hərbçiləri Fikrət Məmmədov və Xudaverdi Abilov dəfn edilib  (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət/

Erməni kəşfiyyat-diversiya qrupunun cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqınının qarşısını alarkən şəhid olmuş kapitan Məmmədov Fikrət Akif oğlu mayın 29-da Bakı şəhərində dəfn olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dəfn mərasimində nazirliyin, birlik, birləşmə və hərbi hissələrin şəxsi heyəti, yerli icra orqanları, ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Şəhidin vida mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani zabitin döyüş tapşırığını yerinə yetirərkən cəsarət və şəxsi igidlik göstərdiyi üçün ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə təqdimat göndərildiyini bildirib.

Daha sonra Müdafiə Nazirliyinin İdarə rəisi polkovnik Rüfət Əmirov şəhidin xidmət yolundan, onun hərbi sahədə əldə etdiyi nailiyyətlərdən danışaraq kapitan F.Məmmədovun nümunəvi zabit, mehriban ailə başçısı olduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi fəxri qarovulun və böyük izdihamın müşayiəti ilə 2-ci Şəhidlər xiyabanında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.

XXX

Düşmənin açdığı snayper atəşi nəticəsində dünən şəhid olmuş gizir Abilov Xudaverdi Fərhad oğlu mayın 28-də Sumqayıt şəhərində dəfn olunub.

Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhidin təhsil aldığı məktəbin kollektivi, o cümlədən şəhər ictimaiyyəti və müxtəlif təşkilatların rəhbər şəxsləri iştirak ediblər.

Şəhidin yaşadığı binanın qarşısında vida mərasimi təşkil edilib. Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi fəxri qarovulun və böyük izdihamın müşayiəti ilə Sumqayıt şəhərinin Şəhidlər xiyabanına aparılıb.

Əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında şəhid son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti