...

Allahşükür Paşazadə: Azərbaycanda dinlər arasında qarşıdurma yarada bilməyəcəklər

Cəmiyyət Materials 6 İyun 2014 15:06 (UTC +04:00)
Adını nə qoymasından asılı olmayaraq, istənilən şəxs, cərəyan radikallıqla məşğul olacaqsa, dövlət buna qarşı lazımi addımlar atacaq.
Allahşükür Paşazadə: Azərbaycanda dinlər arasında qarşıdurma yarada bilməyəcəklər

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Adını nə qoymasından asılı olmayaraq, istənilən şəxs, cərəyan radikallıqla məşğul olacaqsa, dövlət buna qarşı lazımi addımlar atacaq. Trend xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə QMİ nəzdində din xadimlərinin təkmilləşdirmə kurslarının ilk məzunlarının buraxılış mərasimində deyib.

A.Paşazadə qeyd edib ki, bu gün Azərbaycanın həyatında yeni addım atılır: "Düşünürük ki, bugünkü ehtiyaca görə, dini məsələlərdə, dinə münasibətdə bəzi şeylər dəyişməlidir. Ona görə də biz fikirləşdik ki, din xadimləri üçün təkmilləşmə kursu yaradaq. Məqsəd din xadimlərinə dini öyrətmək deyil, müstəqil Azərbaycanın din-dövlət münasibətlərinin hansı şəkildə təşkil olunmasını, azərbaycançılığı izah etmək idi".

QMİ sədri din xadimlərinə deyib ki, buradan qayıdandan sonra onların moizələrində, xütbələrində böyük fərq olmalıdır.

A.Paşazadə ölkədə qarşıdurma yaratmağa çalışanlara da sərt mesaj ünvanlayıb: "Mən çox heyfslənirəm ki, müsəlmanlar arasında məzhəbçiliyi önə çəkərək parçalanma salmağa çalışanlar da var. Lakin Azərbaycanda dinlər arasında, cəmiyyətdə qarşıdurma yaratmaq istəyənlər arzularına çata bilməyəcəklər, çünki bunun üçün şərait yoxdur".

O, KİV-də dinin birtərəfli qaydada təbliğinə etiraz etdiyini də gizlətməyib: "Azərbaycanda KİV-lərdə din birtərəfli təbliğ olunur. Telekanallarda pirlərdən, falçılıqdan və s. eybəcərlikdən danışılır. Lakin KİV-lər pisliklərlə yanaşı, yaxşılığı da deməlidirlər. Axı, əsl din, əsl İslam bu deyil".

QMİ sədri din xadimlərinə çıxışlarında yalnız haqqı söyləməyi tövsiyə edib. Onun fikrincə, din xadimləri dini radikallığa qarşı konkret mövqelərini ifadə etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti