...

Qusar-Xaçmaz bölgəsinin şagirdləri Gəncədə (FOTO)

Cəmiyyət Materials 11 Avqust 2014 12:18 (UTC +04:00)
Gəncədə “Tanı Azərbaycanı” layihəsi çərçivəsində maarifləndirici Gəncə turu keçirilir. Dünən turda iştirak etmək üçün Oğuzdan gələn şagirdlər Heydər Əliyev park-kompleksində əzəmətli “Zəfər tağı” qarşısında mehribanlıqla qarşılanıblar.
Qusar-Xaçmaz bölgəsinin şagirdləri Gəncədə (FOTO)

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Gəncədə "Tanı Azərbaycanı" layihəsi çərçivəsində maarifləndirici Gəncə turu keçirilir. Dünən turda iştirak etmək üçün Oğuzdan gələn şagirdlər Heydər Əliyev park-kompleksində əzəmətli "Zəfər tağı" qarşısında mehribanlıqla qarşılanıblar. Tədbirdə İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, AMEA-nın Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyev, şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, YAP Gəncə şəhər Təşkilatının şöbə müdiri Hüseyn Büdaqov və Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, fəal gənclər iştirak ediblər.

Məktəblilər parkı gəzdikdən sonra möhtəşəm Heydər Əliyev Mərkəzinə gəlib, ulu öndərin əziz xatirəsinə hörmət və ehtiram ifadəsi olaraq, onun əzəmətli abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini Vətənə, doğma xalqına misilsiz xidmətlərini əks etdirən guşələrlə, tarixi eksponatlarla tanış olublar. Heydər Əliyev Parkında Gəncə rəssamlarının əl işlərindən ibarət sərgilənən əsərlər məktəblilərdə böyük maraq yaradıb.

Qədim Nizami yurduna səfər edən oğuzlu şagirdlər bu aksiyanın təşkilatçılarına dərin minnətdarlıqlarını bildiriblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu aksiyanın çox dəyərli, əhəmiyyətli tədbir olduğunu, yaşadıqları ölkənin hər bir regionunun tarixi və inkişafı ilə ətraflı tanış olmağa imkan verdiyini vurğulayıblar.
Şagirdlər bu gün və sabah Gəncənin tarixi memarlıq abidələri və görkəmli yerləri ilə tanış olacaq, tarix-diyarşünaslıq muzeyinə, Heydər Əliyev adına mərkəzi meydana və ümummilli liderin xatirə kompleksinə, Nizami Gəncəvinin Məqbərəsinə, Cavad xanın Məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Qala qapıları: Arxeologiya və Etnoqrafiya muzeyinə, Xan bağına, Çökək hamama, İmamzadə məscidinə ekskursiya edəcəklər.

3 günlük tur çərçivəsində iştirakçılar Göygöl və Şəmkir rayonlarına da səyahət edəcək, həmin rayonların tarixi və mədəniyyəti haqqında məlumat əldə edəcəklər.

Qeyd edək ki, "Ölkəmizi tanıyaq" devizi altında təşkil olunan layihədə 25 şəhər və rayondan olan şagirdlər iştirak edəcəklər. Onlar tarixi abidələr,muzeylər, parklar və digər görməli yerlərdə olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti