...

"Hyundai" sınaq yürüşü üçün Qəbələni seçdi (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2014 10:00 (UTC +04:00)
Koreya-Azərbaycan münasibətlərinin son dövrdə sürətli inkişafı dünya avtomobil sənayesinin nəhəngi olan Koreya şirkətini regional təqdimat mərasimini Azərbaycanda keçirməyə sövq edib.
"Hyundai" sınaq yürüşü üçün Qəbələni seçdi (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Koreya-Azərbaycan münasibətlərinin son dövrdə sürətli inkişafı dünya avtomobil sənayesinin nəhəngi olan Koreya şirkətini regional təqdimat mərasimini Azərbaycanda keçirməyə sövq edib.

Bakıda mətbuat konfransı ilə başlayan təqdimat Bakı-Qəbələ-Bakı sınaq yürüşü ilə başa çatıb.

"Hyundai Motor Company"nin nümayəndələri və xarici jurnalistlərdən ibarət 40-a yaxın qonaq paytaxt Bakı və ölkənin inkişaf etmiş şəhərlərindən olan Qəbələ ilə tanış olublar.

Hyundai-ın Azərbaycandakı rəsmi distribüteri "Auto Azərbaycan" şirkətinin baş direktor müavini Rüstəm Məmmədov sınaq yürüşü üçün Qəbələnin təsadüfən seçilmədiyini bildirib: "Mərkəzi ofis bizə belə bir regional tədbirlə bağlı müraciət etdikdə, çox düşünmədik. Həm müasir, həm də Azərbaycan təbiətinin gözəlliyini əks etdirən bir məkanda qonaqlarımızı qarşılamaq istədik".

Qəbələnin qonaqlar üçün geniş mehmanxana seçiminə və əyləncə imkanlarına görə beynəlxalq tələblərə cavab verdiyini nəzərə alan "Auto Azərbaycan" tədbir üçün məhz bu şəhəri seçib. Bir avtomobil brendinin sınaq yürüşü keçirməsi üçün lazım olan yol infrastrukturu da yüksək səviyyəsi ilə diqqətdən qaçmayıb.

Daha bir səbəb isə koreyalıların özlərinin bu əraziyə maraq göstərməsi olub. Belə ki, Qəbələdə Tarix-Mədəniyyət Qoruğunda Azərbaycan və Koreya alimlərinin birgə səyi ilə "Azərbaycan Pompeyi" sayılan açıq səma altında muzey fəaliyyət göstərir.

Qəbələdə yeni tikilmiş hotel və idman kompleksləri ilə tanış olan qonaqlar Azərbaycandakı yeniliklərə, gözəl təbiətə və müasir tikililərə heyranlıqlarını gizlətməyiblər. Qonaqlar Azərbaycanın hərtərəfli inkişafının regionlardan da açıq-aydın göründüyünü və Qəbələnin timsalında buna şahid olduqlarını vurğulayıblar.

Hyundai-ın Almaniyada Nürburqrinqdə yerləşən yarış sınaq mərkəzində yoxlanmış tam yeni "Sonata" enişli-yoxuşlu Qəbələ yolunda test yürüşündən uğurla çıxıb.

Qeyd edək ki, "Auto Azərbaycan" şirkəti 20 ildən artıqdır ki, fəaliyyət göstərir və təqdim etdiyi avtomobillər yüksək servis və original ehtiyat hissələri ilə ölkənin avtomobil bazarının liderlərindən sayılır. Şirkət "Hyundai" ilə yanaşı, "Jeep", "Dodge", "Chrysler" və "Peugeot" brendlərinin də rəsmi distribüteridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti