...

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilir (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2014 02:47 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr edilmiş “Şərq xalqları ədəbiyyatı: Ənənə və müasirlik” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilir (FOTO)

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbirlər Elçin Mehdiyev, İlhamə İsabalayeva/

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın anadan olmasının 75 illiyinə həsr edilmiş "Şərq xalqları ədəbiyyatı: Ənənə və müasirlik" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Trend-in məlumatına görə, beynəlxalq konfransın açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Misir, Özbəkistan, Gürcüstan və digər ölkələrin görkəmli alimləri, professorları və elm adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə vurğulayıb ki, konfransın adında iki söz - ənənə və müasirlik bizim bugünkü gerçəkliyimizi, ölkəmizin siyasətini və elmimizin mahiyyətini müəyyən edir: "Biz həqiqətən nadir ölkələrdən biriyik. Həm adət-ənənələrimizi yaşadırıq, həm də müasir dövrün, qloballaşmanın, biliklərlə əsaslanan iqtisadiyyatın çağırışlarına cavab verməyə qadirik. Bugünkü Bakının görkəmi əyani sürətlə bunu təsdiq edir. Aida İmanquliyevanın yaradıcılığına nəzər salsaq görərik ki, o, məhz bu iki qütbün, ənənə ilə müasirliyin qovuşduğu bir məkanda öz yaradıcılığını gerçəkləşdirib. Azərbaycanın ilk peşəkar təhsil almış şərqşünaslarından biri olan Aida xanım bir tərəfdən bu elmin ənənələrinin formalaşmasında böyük rol oynadı, digər tərəfdən, məlumdur ki, Azərbaycan şərqşünaslığı əksərən şərqin qədim keçmişinə, orta əsrlər fəlsəfəsinə və mədəniyyətinə müraciət edirdi".

A.Əlizadə qeyd edib ki, Aida xanımın müraciət etdirdiyi mövzular isə o dövrdə də öz müasirliyi ilə seçilirdi, bu gün də aktuallığını itirməyib, əksinə, Şərqdə cərəyan edən hazırkı mədəni proseslər kontekstində həmin mövzular daha böyük əhəmiyyət kəsb etməyə başlayıb: "Aida xanımın tədqiqatları Azərbaycan şərqşünaslarının heç vaxt müraciət etmədiyi məsələləri gündəmə gətirib ona yeni istiqamət, yeni nəfəs verdi. Tədqiq etdiyi ədiblərin yaradıcılıqları ilə bağlı elmi fikirlər irəli sürüb monoqrafiyalar yazmaqla yanaşı, "Dünyanın dərki əslində qəlbin dərinliklərindəki gizli qatların oyanışı sayəsində mümkün olur" deyən Aida xanımın şərqşünas alim kimi ən böyük uğuru onda idi ki, o, dövrün, mühitin ictimai-siyasi xəritəsini çəkir, ədəbi-bədii, fəlsəfi mühitlərin mənzərəsini yaradırdı".

O, əlavə edib ki, qısa, lakin mənalı ömür yolu ilə örnək olan, Şərqin qüdrətli sənət-söz adamları, fıkir və düşüncə sahibləri kimi haqqa qovuşan, "Məhəbbət və gözəllik, ağıl və kamal elə mənəvi işıqdır ki, qəlbi nurlandırır" deyib, kitab və monoqrafiyalar yazan, ömrünün yarısından çoxunu həsr etdiyi əsərləri ilə əbədiyaşarlıq qazanan Aida xanım Şərqlə Qərbin ortaq dəyərlərinin aynası olan kitab və monoqrafiyalarında yaşayır.

Tədbirdə çıxış edən Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Kudelin bildirib ki, Şərqlə Qərbin ədəbi əlaqələri mövzusu şərqşünas alim Aida İmanquliyevanın daha əhəmiyyətli nəticələrə nail olduğu elmi axtarışlarının əsasıdır.

Onun sözlərinə görə, ölkə ədəbiyyatşünaslığının nəzəri quruluşu Aida xanımın alim kimi yetişdiyi illərdə qəbul edilmişdi və sonralar onun öz əsərlərində yaradıcı şəkildə təqdim edildi: "Mənim üçün belə ali məclisdə, qədim şəhərdə, gənc həmkarlarım arasında çıxış etmək böyük şərəfdir. Yüksək materiya ilə məşğul olan həmkarlarım daim gənc qalırlar, heç vaxt qocalmırlar, yalnız cavanlaşırlar. Bu gün Aida İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri: XX əsrin əvvəlində Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələri probleminə" adlı sonuncu monoqrafiyasının yığılmağa təhvil verilməsindən 25 il yeddi gün keçir. Bu müddət alimin təəssüf ki, elmi yolunu belə erkən başa vuran alimin sonuncu olan bu əhəmiyyətli əsərinin sanballı və perspektivli qiymətləndirilməsi üçün tamamilə kifayət edir. Monoqrafiyanın adında öz aralarında sıx təmasda olan materiala baxışa iki yanaşma dəqiq göstərilib, amma bununla yanaşı yanaşmaların tarixi və nəzəri-ədəbi sərhədi dəqiq göstərilib".

Aleksandr Kudelin bildirib ki, Aida İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" adlı sonuncu monoqrafiyasının yığıma təhvil verilməsindən 25 il keçməsinə baxmayaraq, bu əsərin yaradıcı təsiri davam edir.

Rusiyalı akademik qeyd edib ki, Aida İmanquliyeva daim elmi axtarış prinsipini rəhbər tutub və hamını buna əməl etməyə çağırıb.

A.Kudelin AMEA-nın müxbir üzvü Nərgiz Paşayevaya Aida İmanquliyevanın məşğul olduğu dövrə aid olan "Ədəbi abidələr" seriyasından iki kitab hədiyyə edib, eləcə də rusiyalı həmkarlarının salamını çatdırıb.

Şərqşünas alim, akademik Vasim Məmmədəliyev isə çıxış edərək bildirib ki, Azərbaycan şərqşünaslığının ən görkəmli və parlaq nümayəndələrindən biri olan filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın adı təkcə Azərbaycanda deyil, keçmiş Sovet İttifaqında və beynəlxalq miqyasda məşhur olan akademiklər Mirzə Kazım bəy, Əbdülkərim Əlizadə, Həmid Araslı, Ziya Bünyadov, professorlar Mirzə Cəfər Topçubaşov, Yusif Ziya Şirvani, Mübariz Əlizadə, Rüstəm Əliyev, Ələsgər Məmmədov, Rəhim Sultanov, Qəzənfər Əliyev kimi nüfuzlu alimlərlə birlikdə çəkilir: "O, öz fundamental tədqiqatları ilə təkcə Azərbaycan şərqşünaslığını deyil, eyni zamanda, dünya şərqşünaslığını zənginləşdirib, inkişaf etdirib. Rusiya, Almaniya, İngiltərə, Fransa, Özbəkistan, Gürcüstan və bir çox ərəb ölkələrində yaxşı tanınan, rəyi ilə hesablaşılan, əsərlərinə tez-tez istinad edilən Aida xanım yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu, ən fundamental tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir".

Akademik deyib ki, Aida İmanquliyeva həm də keçmiş Sovet İttifaqında və vətənimiz Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biridir.

V.Məmmədəliyev qeyd edib ki, Aida İmanquliyeva akademik Ziya Bünyadovdan sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışarkən yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğunu nümayiş etdirib: "O, qısa bir müddət ərzində institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, orada aparılan elmi tədqiqat işlərinin miqyasının genişləndirilməsi, nəzəri səviyyəsinin, əməli əhəmiyyətinin yüksəldilməsi, bu ciddi tədqiqat müəssisəsinin beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində xeyli iş gördü. Professor Aida İmanquliyeva çox az insana nəsib olan elmi istedadı, təşkilatçılıq işi və pedaqoji fəaliyyəti özündə bacarıqla birləşdirən bir alim idi. Aida xanım 20 ildən artıq bir müddət ərzində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından mühazirələr oxuyub, xüsusi kurslar aparıb, dissertasiya və diplom işlərinə rəhbərlik edib. Aida İmanquliyevanın maraqlı mühazirələrini dinləmiş tələbələr həmişə onun yüksək səviyyəli bir lektor olduğunu qeyd edirlər".

Misirin Ayn-Şəms Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasının müdiri, professor Tarik Çələbi konfransda çıxış edərək bildirib ki, görkəmli şərqşünas Aida İmanquliyevanın ərəb mədəniyyəti və ədəbiyyatını Azərbaycan şərqşünaslıq məktəbinə tanıtmaqda müstəsna xidmətləri olub: "Bildiyimiz kimi, alimin məhcər ədəbiyyatına həsr olunmuş "Yeni ərəb ədəbiyyatının korifeyləri" adlı əsəri mövcuddur. Ancaq alimin fəaliyyəti sadəcə olaraq bu əsərdəki istiqamətlərlə yekunlaşmır. Görkəmli şərqşünas alim ərəb ədəbi tənqid sahəsində də söz sahibi olub. Haqqın rəhmətinə qovuşmuş görkəmli alimlərə ən yaxşı vəfa borcumuz onların bizə miras qoyduqları elmi və intellektual fəaliyyətlərin araşdırılması və yenilənməsidir".

Konfransda çıxış edən Türkiyənin Texniki Universitetinin professoru M.Sait Özervarlı, Memar Sinan Universitetinin professoru Tanju Seyhan, Tbilisi Dövlət Universitetinin fəlsəfə doktoru Mziza Buskivadze və digərləri Aida İmanquliyevanın yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, oktyabrın 11-də yekunlaşacaq konfrans bölmə iclaslarında davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti