Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda tək ananın ərizəsinə əsasən, Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı artıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanda rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 2013-cü ildə doğulan uşaqların sayı 2012-ci ilə nisbətın 7,3 faiz azalıb. Rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar 2012-cü ildə 27 031 uşaq dünyaya gətirdiyi halda, 2013-cü ildə bu rəqəm 25 069 olub. Bu azalmaya baxmayaraq, həmin nikahlardan doğulan uşaqların tək analarının ərizələri ilə qeydiyyata götürülməsi halları iki dəfəyə yaxın artıb.
Azərbaycanda tək ananın ərizəsinə əsasən, Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydə alınmış uşaqların sayı 2011-ci ildə 9810 nəfər idisə, 2012-ci ildə bu göstərici 8643-ə enib. Lakin 2013-cü ildə tək ananın ərzisəsi ilə qeydiyyata alınan uşaqların sayı 14 197-yə yüksəlib. 2012-ci ildə ölkədə 18 388 uşaq hər iki valideynin ərizəsi ilə Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydə alındığı halda, 2013-cü ildə bu göstərici 10 872-yə enib.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, qanunvericilik icazə verirsə, bir nəfər də uşağı qeydiyyata götürmək üçün müraciət edə bilər: "Biz statistika ilə düzgün nəticə çıxarda və deyə bilmərik ki, atalar elə uşaq doğulmamışdan əvvəl onları atıb gedir. Ola bilər ki, kişinin də müraciət etməli olduğunu bilmirlər, yaxud buna ehtiyac görmürlər. Amma bizi ümumilikdə narahat edən məsələ qeyri-rəsmi nikahların, yəni vətəndaş nikahlarının sayının artmasıdır. Bu da sonradan çoxlu hüquqi problemlər, əmlak problemləri yaradır. Amma əgər niyyət safdırsa, niyə nikah bağlanmamalıdır?"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Trend-ə bildirib ki, tək ananın ərizəsi əsasında uşaqların qeydiyyata alınması statistikasının artması ilə bağlı müxtəlif fərziyyələr irəli sürmək olar: "Ola bilər ki, normal ailəsi olan, amma kəbini dövlət qeydiyyatına alınmamış qadın hamilə olur, uşaq dünyaya gələn ərəfədə həyat yoldaşı ölür. Başqa variant atalığın müəyyən olunması ilə bağlı ola bilər. Burada faktorlar müxtəlifdir. Amma bizim üçün ən əhəmiyyətlisi insanların uşaq dünyaya gətirmə məsələsinə məsuliyyətlə yanaşmasıdır".
A.Veysəlova deyib ki, bu məsələlər yalnız maarifləndirmə yolu ilə həll edilə bilər. Ona görə də komitə bu sahədə apardığı maarifləndirmə işlərini gücləndirir: "Məsələnin həlli yenə də yalnız insanların özlərindən asılıdır. Həm qadın, həm də kişi hər hansı qadınla, yaxud kişi ilə müansibətdə olursa, onun nəticələrini də fikirləşməlidir. Yeni dünyaya gələn uşaqların problemlərinin həll olunmasına görə yalnız qadın məsuliyyət daşımır. Kişilər çox vaxt bu məsuliyyətdən boyun qaçırırlar. Ancaq kişi atalığını boynuna almasa da, burada həm də kişinin məsuliyyəti var".
Bakı Hüquq Mərkəzinin hüquqşünası Dünyamin Novruzov isə Trend-ə deyib ki, əgər uşağın Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydiyyata alınması üçün atanın ərizəsi və ya məhkəmənin qətnaməsi yoxdursa və uşaq nikahda olmayan anadan doğulubsa, onda uşağa birbaşa doğum haqqında şəhadətnamə verilmir. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır: "Bunun həlli yollarından biri budur ki, ata gəlib ərizə yazmalıdır ki, bu, mənim uşağımdır. Bu da atalıq haqqında məlumatı təsdiqləyən sənəd olur. Bundan sonra uşağa doğum haqqında şəhadətnamə verilir. Amma əgər tərəflər arasında mübahisə varsa, ata atalığını inkar edirsə, ana atalığın müəyyən olunması üçün məhkəməyə müraciət edə bilər".
D.Novruzov bildirib ki, əgər atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi, yaxud məhkəmənin qətnaməsi yoxdursa, onda doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.