...

Beyləqanda Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətən” kuboku keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Fevral 2015 11:42 (UTC +04:00)
Beyləqan Gənclər Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümü anılıb.
Beyləqanda Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş
“Vətən” kuboku keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Beyləqan Gənclər Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümü anılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan fondun Beyləqan rayonu üzrə nümayəndəsi Gülbəniz Cəfərova 1992-ci il fevralın 25-dən 26-na keçək gecə Xocalıda ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliam barədə məktəblilərə ətraflı məlumat verib. Xocalı faciəsi haqqında sənədli film nümayiş olunub, qonaqlar çıxış edərək insanlığa qarşı yönəlmiş bu cinayətin beynəlxalq aləmdə də tanıdılması üçün aparılan "Xocalıya ədalət" təbliğat kompaniyasından söz açıblar.

Sonra faciə qurbanlarının xatirəsinə həsr olunmuş "Vətən" kuboku uğrunda intellektual bilik yarışması keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi, Beyləqan rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Beyləqan rayon Uşaq Yaradıcılıq Mərkəzi, Beyləqan rayon Gənclər və İdman İdarəsi, Mil İntellektual Klubu, National Geographic Azərbaycan və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə tərəfdaşlığı sayəsində baş tutan yarışmaya ümumilikdə 25 komanda qatılıb. Çıxış edən digər qonaqlar Xocalı faciəsinin ildönümü münasibəti ilə keçirilən bu intellektual yarışın gənclərin elmi biliklərinin artırılmasına daha da təkan verəcəyini qeyd ediblər.

Seçim əsasında 16 komanda müəyyən edilib və onlar arasında "Xəmsə" Milli İntellektual Oyun növü üzrə yarışmaya start verilib. Gərgin keçən mübarizədə 3 qalib müəyyən edilib və mükafatlandırılıb. Nəticələrə əsasən, Beyləqan şəhər 2 saylı tam orta məktəbin "Mil" komandası 1-ci, Beyləqan şəhər 4 saylı tam orta məktəbin "4+1" komandası 2-ci, Beyləqan rayonu 1-ci Şahsevən kənd tam orta məktəbin "İnam" komandası 3-cü yerin sahibi olub.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş "Vətən" kubokunun keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərlik hislərinin daha da yüksəldilməsi və onların bilgilərinin artırılmasına yardım etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti