...

Bakının Nizami rayonunda Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Mart 2015 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Nizami rayonunda Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ilə görüş keçirilib.

Öncə torpaqlarımızın bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad edilib, dövlət himni səsləndirilib.

Görüşdə çıxış edən "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Bakı şəhəri Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlər danışıb. Bildirib ki, bu istiqamətdə görülmüş tədbirlər çərçivəsində ünvanlılıq prinsipinə əməl olunub, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, müharibə əlilləri və veteranları, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar: "Bu baxımdan, əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılıb".

Çıxış edən "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev dövlətin sözügedən kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən danışıb: "Müharibə əlillərinin, şəhid ailələrinin mənzil probleminin həlli istiqamətində görülən mütərəqqi işləri xüsusilə vurğulamaq lazımdır. Ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb.

Həmçinin, dövlət başçısının imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Lakin bütün bunlar da son deyil. Hazırda dövlət müharibə əlillərinin, şəhid ailələrinin, veteranların sosial müdafiəsini gücləndirmək məqsədilə ardıcıl tədbirlər görür və yaxın gələcəkdə daha bir neçə yeniliyin şahidi olacağıq".

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir: "Bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimiz tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım oldu. Həmin fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi. Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir".

Nizami rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov çıxışında dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında", "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir.
Sonra çıxış edən müharibə əlilləri və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını çatdırıblar.

Tədbirin sonunda "Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin üzvlərinə yeni döş nişanları və vəsiqələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti