Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Respublkasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramının "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində daha iki məktəb arasında Qardaşlaşma Sazişi imzalanıb.
Azərbaycan Respublkasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Balakən şəhər Humanitar və Texniki təmayüllü lisey Yevlax şəhər 5 nömrəli tam orta məktəblə qardaşlaşıb.
Balakən məktəblilərini Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədov salamlayıb. Əvvəlcə məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoyublar.
Bəşir Səfəroğlu adına xalq teatrında "Tariximiz - qan yaddasımız" mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış olub. 5 nömrəli məktəbin nəzdində fəaliyyət göstərən "Kiçik Akademiya"nın təqdimatı keçirilib. Balakənli şagirdlərə Yevlax şəhər 10 nömrəli tam orta məktəbin, sonra isə Əkşəm kənd orta məktəbinin şagirdlərinin hazırladıqları kompozisiya nümayiş olunub.
Tədbirdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Yevlax rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Zərifə Məmmədova, Fondun Balakən rayonu üzrə nümayəndəsi Şaban Abdullayev, Yevlax rayonu üzrə nümayəndəsi Zərxanım Əhmədova, məktəblilər, müəllimlər, həmçinin Yevlax ziyalıları iştirak ediblər.
YAP-ın Yevlax rayon təşkilatının binasında "Qardaşlaşma Haqqında Saziş"in müddəalarını müzakirə edən məktəblilər əlavə və dəyişikliklərdən sonra sənədi imzalayıblar.
Məktəblilər Yevlaxdakı Heydər Əliyev Mərkəzini ziyarət ediblər, Tarix Diyarşünaslıq Muzeyində, rayonun görməli yerlərində olublar.