...

Səlim Müslümov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri ilə görüşüb

Cəmiyyət Materials 21 Aprel 2015 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiqlə tanışlıq görüşü olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov Azərbaycanla Böyük Britaniya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin daim gücləndiyini, habelə Avropa İttifaqında Böyük Britaniyanın Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayıb. Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda əldə olunan makroqitisadi inkişaf dinamikasından bəhs edən nazir davamlı iqtisadi tərəqqinin sosial rifah halının da yüksəlməsi ilə müşahidə olunduğunu diqqətə çatdırıb: "Son 10 ildə Azərbaycanda 1 milyon 360 min, yalnız cari ilin ilk rübündə 30 minə yaxın yeni iş yerinin açılması əmək bazarında sabitliyə səbəb olub. Ötən ilin sonlarına olan məlumata görə, işsizlik səviyyəsi Avropa məkanında 11,5 faiz, Avropa Birliyində 10 faiz olduğu halda, Azərbaycanda bu göstərici 4,9 faizə enib. Eyni zamanda son on ildə ölkədə minimum əmək haqqı 11,6 dəfə, bir nəfərə düşən orta aylıq əmək haqqı 5,5 dəfə artıb. Bu dövrdə orta aylıq əmək pensiyası 9,4 dəfə artmaqla, yoxsulluq həddini 1,7 dəfə üstələyib."

Müsbət proseslərin nəticəsi kimi, respublikada yoxsulluğun 5 faizə, yəni ümumdünya yoxsulluq səviyyəsindən 3 dəfə aşağı endiyini qeyd edən S.Müslümov ölkədə aparılan siyasətin sosialyönümlü olduğunu, milli sosial təminat sisteminin respublika əhalisinin 23 faizindən çoxunu əhatə etdiyini bildirib: "Dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclər son 10 ildə 8 dəfə artıb. Son illərdə qlobal iqtisadi böhran səbəbindən hətta inkişaf etmiş ölkələrdə bir çox sosial proqramlar təxirə salındığı halda, Azərbaycanda bütün sosial proqram və layihələr uğurla davam etdirilir. Məsələn, təkcə ötən il dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilib. Yaxud bu ilin birinci rübündə ölkədə sosial müavinət, təqaüd və kompensasiyaların ödənilməsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz çox vəsait sərf olunub".

Nazir milli əmək və sosial müdafiə sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi, əmək münasibətlərinə nəzarət və sosial təminat sistemlərinin elektron əsaslar üzərində qurulması yönündə aparılan islahatlar barədə də məlumat verib. O, ƏƏSMN-nin beynəlxalq təşkilatlarla və ayrı-ayrı ölkələrlə əməkdaşlığı gücləndirmək əzmində olduğunu bildirib: "Hesab edirəm ki, inkişaf etmiş ölkə olan Böyük Britaniya ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq, fəal təcrübə mübadilələri üçün kifayət qədər imkanlar mövcuddur. Bununla əlaqədar olaraq, ƏƏSMN tərəfindən əmək və sosial müdafiə sahəsində əməkdaşlığa dair nümunəvi saziş layihəsi hazırlanaraq bir sıra ölkələr kimi, Böyük Britaniyanın da aidiyyəti dövlət qurumuna göndərilib".

İ.Siddiq Azərbaycanın dinamik iqtisadi inkişafının Böyük Britaniya tərəfindən daim maraqla izlənildiyini bildirib, ölkəsinin Azərbaycanla əlaqələrinin uğurlu inkişafından bəhs edib. Səfir iki ölkə arasında əməkdaşlığın əmək, məşğulluq və sosial müdafiə sahələrini də əhatə etməsinin məqsədəuyğun olduğunu, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu məqsədlə onun tərəfindən lazımi səylərin göstəriləcəyini vurğulayıb. Görüşdə Azərbaycanla Böyük Britaniya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti