Azərbaycan, Bakı, 29 aprel /Trend/
Bu gün Daxili İşlər Nazirliyinin (DİN) "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində regional əməkdaşlığın "Asiyanın ürəyi" - İstanbul Prosesi çərçivəsində narkotiklərə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirləri üzrə ekspertlər səviyyəsində növbəti iclas keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov iştirakçılara Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını çatdırıb, ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, bu işlə məşğul olan strukturların fəaliyyəti Dövlət Komissiyası tərəfindən əlaqələndirilir, cinayətkarlıqla mübarizənin ən mühüm istiqamətlərindən biri kimi çox ciddi təşkilati və preventiv tədbirlər həyata keçirilir. Azərbaycanın geosiyasi vəziyyəti, Əfqanıstan narkotrafikinin məlum marşrutları nəzərə alınaraq, narkotik vasitələrin qanunsuz olaraq ölkə ərazisinə gətirilməsi və tranzit daşınması cəhdlərinin qarşısının alınmasına böyük diqqət yetirilir.
Qeyd olunub ki, tədbirin keçirilməsində əsas məqsəd terrorizmə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində kollektiv etimad tədbirlərinin hazırlanması, regional infrastrukturun möhkəmləndirilməsi, ticarətə və əməkdaşlığa kömək göstərilməsi, elm və təhsilin inkişafı, habelə fövqəladə vəziyyətlərdə yardım göstərilməsi mexanizmlərinin daha da möhkəmləndirilməsidir. Bu vəzifələrə uyğun olaraq İstanbul Prosesi çərçivəsində bundan əvvəl Kabildə keçirilmiş iclasın yekunlarına əsasən yaradılmış altı işçi qrupu fəaliyyət göstərir. Diqqətəlayiq haldır ki, narkotik vasitələr əleyhinə olan işçi qrupuna Azərbaycan və Rusiya başçılıq edirlər.
Bu toplantının təşkilinin digər məqsədi isə 2017-ci ilə qədər İstanbul Prosesində iştirak edən dövlətlərdə narkotik, psixotrop maddələr və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinin, o cümlədən çirlki pulların yuyulmasının və resept əsasında verilən dərmanlardan sui-istifadənin miqyasının azaldılmasıdır.
Daha sonra respublika Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev ötən il hüquq-mühafizə orqanları tərəfindən ölkəmizdə 3349 faktın aşkarlandığını, 2579 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, onlardan 68 nəfərin xarici ölkə vətəndaşı olduğunu qeyd edib.
Ekspertlərin diqqətinə çatdırılıb ki, Azərbaycan narkoticarətçilərin hədəfində olan tranzit ölkələrdən biridir. Bunun isə ən başlıca səbəbi torpaqlarımızın 20 faizdən çoxunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edlməsi, faktiki olaraq nəzarətsiz olan həmin ərazilərdə narkotik vasitələrin əkilib-becərilməsidir.
İclasda bu ümumbəşəri bəlanın qarşısını almaq üçün "ağ ölüm"dən əldə olunan gəlirlərin hərəkət istiqamətlərinin araşdırılmasının, İstanbul Prosesinin iştirakçısı olan dövlətlərin ərazilərinə narkoalverçilərin və kuryerlərin qeyri-qanuni yolla keçmələrinin qarşısını almaq məqsədilə birgə tədbirlərin işlənilib-hazırlanmasının vacibliyi vurğulanıb.
Tədbirdə 15 iştirakçı dövlətin ekspertlərinin məruzələri dinlənilib, ətraflı fikir mübadiləsi aparılıb.