...

Fərhad Abdullayev: Konstitusiya Məhkəməsinə daxil olan müraciət və sorğuların sayı artıb

Cəmiyyət Materials 26 May 2015 11:21 (UTC +04:00)
Son illərdə Konstitusiya Məhkəməsinə daxil olan müraciət və sorğuların sayı artıb.
Fərhad Abdullayev: Konstitusiya Məhkəməsinə daxil olan müraciət və sorğuların sayı artıb

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İlkin İzzət/

Son illərdə Konstitusiya Məhkəməsinə daxil olan müraciət və sorğuların sayı artıb. Həmin müraciətlərdə digər məhkəmələr hüquq mühafizə orqanları və cəmiyyət üçün mühüm problemlərin aradan qaldırılmasına kömək edən ayrı-ayrı hüquq sahələri üzrə əhəmiyyətli məsələlərə toxunulur. Bu, onu göstərir ki, ümumi məhkəmələrin hakimləri dövlətin adından qərar qəbul edilməsinin məsuliyyətini dərindən dərk edirlər.

Trend xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Məhkəmə-Hüquq Şurasının (MHŞ) fəaliyyətinin 10 illiyinə həsr olunan "Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu" mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

Fərhad Abdullayev "Konstitusiya nəzarətinin məhkəmə hakimiyyətinin təkmilləşdirilməsinə təsiri" mövzusunda məruzəsində deyib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin dövlət idarəçilik sisteminin müstəqil qolu kimi təşəkkül tapması, eləcə də MHŞ kimi kollegial orqanın yaradılması bir çox ölkələr üçün nümunədir: "Məhkəmə-Hüquq Şurasının mövcudluğu və fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Hakimlərin seçilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi prosesi ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artmasına, məhkəmə sisteminin müstəqilliyinin, hakimlərin obyektivliyinin və qərəzsizliyinin təmin edilməsinə yönələn ən vacib vasitələrdən biridir".

MHŞ-nin öz fəaliyyətində daim müasir yanaşmalara diqqət yetirdiyini deyən sədr vurğulayıb ki, keçmiş sovet məhkəmə sistemində mövcud olmuş hakimlərin intizam kollegiyasından tam fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının MHŞ-sı cəza mexanizmi kimi deyil, məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, qəbul edilən məhkəmə aktlarının keyfiyyətinin artmasına, hakimlərin öz vəzifəsinə daha məsuliyyətlə yanaşmasına təkan verən mühüm kollegial təsisat kimi fəaliyyət göstərir. Şuranın qəbul etdiyi qərarlar isə hüquqi dövlətin mühüm atributlarından biri olan məhkəmələrin öz funksiyalarını səmərəli və şəffaf şəkildə həyata keçirməsinə böyük töhfə verib.

Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, hüquqi islahatlar çərçivəsində müəllifi ulu öndər Heydər Əliyev olan Konstitusiyanın gətirdiyi əhəmiyyətli yeniliklərdən biri də həmin dövrə qədər dövlətçilik tariximiz üçün səciyyəvi olmayan yeni institut - Konstitusiya nəzarəti orqanının yaradılması olub: "Müasir cəmiyyətdə konstitusiya ədalət mühakiməsi hüququn aliliyinin təmin olunmasının əvəzedilməz mexanizmlərindən biridir. Demokratik, hüquqi dövlət quruculuğunun ayrılmaz atributlarından birinə çevrilmiş konstitusiya ədalət mühakiməsi bütövlükdə cəmiyyətə və onun inkişafı prosesinə keyfiyyət baxımından əhəmiyyətli təsir göstərir. Bu gün Azərbaycanın Konstitusiya Məhkəməsi müvafiq səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır. Bu nəzarətin yurisdiksiyasına normativ-hüquqi aktların geniş spektri daxildir. Bu da bütün qanunvericilik sisteminə konstitusiya nəzarətinin həyata keçirilməsi, konstitusiya və qanunların normalarının şərhi vasitəsilə hüququn inkişafı və hüquq tətbiqetmə təcrübəsinin istiqaməti baxımından olduqca əhəmiyyətli funksiyaların həyata keçirilməsi deməkdir".

Sədr əmin olduğunu bildirib ki, məhkəmə hakimiyyəti, eyni zamanda, MHŞ Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində bundan sonra da fəal iştirak etməklə Konstitusiyanın aliliyinin təmin olunması, insan hüquqları və azadlıqlarının daha səmərəli müdafiəsi işində üzərinə düşən vəzifələri yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti