...

Azərbaycanda quş qripi xəstəliyinə görə monitorinqlərin aparılması dayandırılır

Cəmiyyət Materials 10 İyun 2015 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda quş qripi xəstəliyinə görə monitorinqlərin aparılması dayandırılır.

Kənd Təsərrüfati Nazirliyi yanında Dövlət Baytarliq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 1-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 20 baş çöl quşunun patoloji materialları və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1471 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Nümunələrdə quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılmış bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Monitorinqin aparıldığı ərazilərdə, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və yaxud xəstəlikdən tələf olma hallarına təsadüf olunmayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkədə quş qripi və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini (cari ildə 3 dəfə monitorinq aparılıb, çöl və ev quşlarından götürülən 5757 nümunələr müayinə edilib), köçəri, sinantrop və ev quşları arasında bu xəstəliyin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılmasını nəzərdə tutur.

Hazırda quş qripi və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti