Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Turizm və Menecment Universiteti turizm sahəsi üzrə təhsil alan tələbələr üçün təcrübə müddətinin artırılmasını istəyir. Universitet belə bir təkliflə Mədəniyyət və Turizm Nazirliyi qarşısında məsələ qaldırmağı da nəzərdə tutur.
Universitetin Keyfiyyət təminatı şöbəsinin müdiri Nərminə Abdullayeva Trend-ə bildirib ki, hazırda tələbələr üçün təcrübə müddəti 6 aydır. Bu təcrübə tələbələr III kursda oxuyarkən - 6-cı semestrdə olur. Həmin müddətdə tələbələr tədrisdən tamamilə uzaqlaşaraq təcrübə yerlərində olurlar: "Amma biz istərdik ki, təcrübə müddəti tələbələrin bakalavriat səviyyəsində oxuduqları 4 ilin 3 ilini əhatə etsin. Ya bir həftə dərs, bir həftə təcrübə olsun, ya da günün birinci yarısı dərs, ikinci yarısı təcrübə olsun. Düşünürük ki, gələcəkdə belə bir təkliflə nazirliyə müraciət edək".
N.Abdullayevanın sözlərinə görə, hazırda turizm sahəsi üzrə təhsil alan tələbələrin praktik dərslərdə - təcrübədə daha çox olmasına qanunvericilik imkan vermir: "Qanunvericlikdə təcrübə müddətinin bu qədər olması ilə bağlı məsələ yoxdur. Amma biz istərdik ki, sırf turizm, hotelçilik ixtisası üzrə təhsil alan tələbələrin tədrisi o cür təşkil olunsun".
İnstitut rəsmisi onu da qeyd edib ki, turizm sahəsi üzrə ali təhsil almış məzunların 90 faizindən çoxu elə bu sahə üzrə çalışmağa üstünlük verir. Tələbələrinin əksəriyyəti elə təcrübə keçdikləri yerdə işlə təmin olunur.
N.Abdullayeva hesab edir ki, məzunların 90 faizindən çoxunun işlə təmin olunması turizm sahəsi üzrə kadr hazırlığı səviyyəsinin qənaətbəxş olduğunu göstərir.
Onun sözlərinə görə, son 6 il ərzində Azərbaycan Turizm İnstitutunun (Prezident İlham Əliyevin sərəncamı ilə ötən ilin dekabrından ATİ-nin nəzdində Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb) 1312 tələbə-məzunu olub. Onların 100 nəfərdən çoxu bu ali məktəblə yanaşı, Avstriyanın Krems Universitetinin də diplomunu alıb.
Xatırladaq ki, Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov da Trend-ə açıqlamasında bildirmişdi ki, ölkədə turizm xidmətlərinin səviyyəsinin yüksəldilməsi üçün kadr hazırlığına ciddi fikir verilməli, kadr hazırlığı məsələsində mütləq Türkiyə və Avropa ölkələrində tətbiq edilən tədris-təlim proqramlarından istifadə edilməli, yəni tələbələr üçün təcrübə müddəti artırılmalıdır: "Ona görə də Azərbaycanda tələbələr II kursdan böyük bir müddətə təcrübə keçməlidirlər. Bunun üçün isə tələbələrin təcrübə proqramlarına bir daha baxmaq lazımdır".