Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Elmir Murad/
Azərbaycanda rus dilinə olan maraq yenidən artmağa başlayıb. Bunu Trend-ə Qafqaz Universitetinin Pedaqoqika kafedrasının müdiri Əjdər Ağayev deyib.
Onun sözlərinə görə, artıq bəzi ali məktəblərdə rus dili mərkəzlərinin yaradılmasına başlanıb.
Məktəblərdə rus dilində olan dərslərin artırıldığını deyən professor hesab edir ki, sözügedən dilin təlimini də genişləndirməyə çalışırlar: "İki yoldan istifadə edirlər. Birinci, tədris proqramında olan oturaq saatı artırırlar, həmçinin valideyinlərin, şagirdlərin istəyini də nəzərə alaraq, bu dilin tədrisini genişləndirirlər. Amma hər halda bütün bu işlər hələ ki rus dilinin Azərbaycanda 1990-cı illərdəki kimi populyar olmasına gətirib çıxarmayıb".
Ə.Ağayev rus dilinin əvvəllər populyar olmasını dünyaya çıxışın məhz bu dil vasitəsilə olmasında görür.
Hazırda bütün ölkələrdə ingilis dilinə marağın daha çox olduğunu deyən kafedra müdiri hesab edir ki, yaxın zamanlarda rus dili Azərbaycandakı nüfuzunu geri qaytaracaq: "Rus dilinə marağın azalması istiqamətindəki problemlər aradan qaldırılır. Rus dilini mükəmməl bilən mütəxəssislər hazırlanır. Bununla yanaşı, rus ədəbiyyatı öyrənilir. Rus ədiblərinin, şairlərinin yubileyləri keçirilir. Yəni bu dilə marağın azalması aradan qaldırılır. Hesab edirəm ki, yaxın zamanda rus dili tam geniş öyrənilmə həddinə gəlib çıxacaq".