...

10 dini icmaya maliyyə yardımı ayrıldı (FOTO)

Cəmiyyət Materials 4 Sentyabr 2015 16:51 (UTC +04:00)
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
10 dini icmaya maliyyə yardımı ayrıldı (FOTO)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, şöbə müdirləri və dini icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb.

S.Salahlı bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə çatdırılması, dini radikalizm və ekstremizmin mahiyyətinin izah olunması, İslam dini ənənələrimizin və milli-mənəvi dəyərlərimizin daha geniş şəkildə ictimaiyyətə çatdırılmasıdır. İcma sədrlərinə həyata keçirəcəkləri layihələrin əsas hədəflərinin gənclər olmasının vacibliyi tövsiyə edilib.

Tədbirin sonunda dini icma sədrləri çıxış edərək, bu sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin, dini icmalara ayrılan vəsaitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq 67 dini icmaya maliyyə yardımı verilib ki, bunların da 19-u qeyri-islam, 48-i isə İslam dini icmalarıdır. Verilən vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti