...

Argentinada Azərbaycanının turizm sektorunun təşviqi ilə bağlı seminar keçirilmişdir (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2015 21:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Argentinadakı Səfirliyi tərəfindən "Odlar Diyarı Azərbaycan: Minillik Mədəniyyət, Müxtəliflik, Arxitektura, Müasirlik" adlı seminar keçirilmişdir.

Trend-ə səfirlikdən verilən məlumata əsasən, seminarın keçirilməsinə Türk Hava Yollarının Argentinadakı nümayəndəliyi təşkilati dəstək vermişdir. Argentina Turizm Nazirliyinin, bu ölkənin aparıcı tur operatorlarının və müvafiq kütləvi informasiya vasitələrinin iştirak etdiyi seminarda məqsəd Azərbaycanın turizm sektorunun təqdimatı və argentinalı turistlərin Azərbaycana cəlb edilməsi olmuşdur.

Tədbirdə Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə, Türk Hava Yollarının Argentinadakı nümayəndəliyinin rəhbəri Nüman Çizmeçioğlu, Argentinanın La Plata Dövlət Universitetindəki "Azərbaycanşünaslıq kafedrası"nın əlaqələndiricisi Paulo Botta, argentinalı jurnalist Dieqo Velaskez çıxış etmişlər. Çıxışlarda Azərbaycanın zəngin tarixi və mədəni irsi, arxitekturası, mədəni müxtəlifliyi, milli mətbəxi, ölkədə turizm sektorunun inkişafı çərçivəsində həyata keçirilən layihələr, qurulmuş müasir turizm infrastrukturu, xarici turistlərin cəlb edilməsi istiqamətində atılan addımlar, təşkil olunan beynəlxalq səviyyəli tədbirlər, Azərbaycanı dünyanın müxtəlif istiqamətləri ilə bağlayan uçuşlar, o cümlədən son illərdə Argentinadan Türkiyəyə turist axınının sürətlə artdığını nəzərə alaraq, Buenos-Ayres-İstanbul-Bakı istiqamətinin argentinalı turistlər üçün maraqlı və cəlbedici tərəfləri barədə məlumat verilmişdir.

Tədbirdə Azərbaycanın turizm sektoru ilə bağlı videoçarxlar nümayiş etdirilmiş, milli mətbəximiz təqdim edilmiş, habelə Azərbaycanla bağlı turistlər üçün ispan və ingilis dillərində hazırlanmış broşurlar və məlumat kitabçaları paylanmışdır.

Tədbirin davamı olaraq, yaxın günlərdə Argentinanın aparıcı tur operatorlarından ibarət nümayəndə heyətinin Azərbaycanın turizm potensialı ilə canlı tanış olmaları üçün ölkəmizə səfəri nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti