Bakı. Elmir Murad - Trend:
Azərbaycan tele-radio məkanında ədəbi dilin qorunması ilə bağlı sentyabr-oktyabr ayları üçün aparılmış monitorinqlərin nəticələri açıqlanıb.
Milli Teleradio Şurasında bu gün keçirilən tədbirdə əvvəlcə "Günəşli" yatağında həlak olanlarən və ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb.
Sonra çıxış edən Milli Teleradio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev teleradio kanallarında dil normalarının pozulmasından danışıb. O, bildirib ki, telekanallarda xarici filmlərin dublyajı zamanı dil normalarına diqqət yetirilməlidir: "Yayımçılar özləri bu qaydalara əməl etməkdə maraqlı olmalıdırlar. Teleradio şirkətlərində aparıcılar daha peşəkar olmalıdır. Bu mövzu hələ də gündəmdə qalır".
Q.Cəbiyev qeyd edib ki, dil normalarını pozanlar tənqid olunmalı və onlara xəbərdarlıqlar edilməlidir: "Azərbaycanda teleradio şirkətlərinin dil normalarına diqqət yetirməsində irəliləyişliər var. Amma bu o demək deyil ki, bu sahədə problemlər yoxdur. Problemlər hələ də var".
x x x
Azərbaycanda 7 telekanal ədəbi dil normalarını pozub. Bunu MTRŞ ilə AMEA Dilçilik İnstitutunun birgə layihəsi əsasında telekanallarda ədəbi dilin qorunması ilə bağlı aparılan monitorinqlərin nəticələrinin açıqlanması ilə bağlı keçirilən tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Aytən Bəylərova deyib.
A.Bəylərovanın sözlərinə görə, bunlar İctimai Televiziya, Xezer, ANS, ATV, Space, Lider ve Region tv-dir: "Pozuntular əsasən xəbər aparıcılarının nitqində müşahidə olunur. Aparıcıların nitqində üslubla bağlı normalar pozulur. Monitorinq zamanı təhlilə cəlb olunan və ədəbi dil normasının pozulmasını əks etdirən 831 faktdan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyədə normadan kənara çıxdığını göstərib. Bununla yanaşı, aparıcıların tələffüzləründə də ciddi pozuntular var. Aparıcılar tələffüzləri üzərində işləməlidir. Əsasən də rus dilli xəbər aparıcıları bunu aradan qaldırmalıdırlar. Bununla yanaşı, aparıcılar xəbəri oxuyarkən tələskənliyə yol verirlər. Amma nəticələr göstərir ki, telekanallarda əvvəlki illərə nisbətən dil normalarına diqqət artıb".
Monitorinqlər Elektron Mediaya Yardım Fondu ilə birgə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilib.