Bakı. Trend:
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyində anım mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Rumıniyadakı Səfiri Fərid Abdinbəyov, Səfirliyin və ARDNŞ-in Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak etmişlər.
Azərbaycanın Rumıniyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra tədbir iştirakçılarına 20 yanvar faciəsindən bəhs edən qısametrajlı film nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Səfir Fərid Abdinbəyov 1990-cı il 20 yanvar tarixində Sovet İKP rəhbərliyinin, Sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açmış, öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlıq, müstəqillik və Respublikamızın ərazi bütövlüyü uğrunda mübarizə aparan vətən övladlarının vəhşicəsinə qətlə yetirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Səfir həmin hadisələrə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini və Sovet rəhbərliyinə qarşı açıq etirazın bildirildiyini vurğulamışdır.
Səfirlik tərəfindən 20 yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən geniş pres-reliz Rumıniyadakı nazirlik, dövlət strukturları və qeyri-hökumət təşkilatları arasında yayılmışdır. Rumıniyanın Milli Mətbuat Agentiliyi olan "AGERPRES"-in internet səhifəsində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr çap olunmuşdur.