...

Ramil Usubov cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsini tələb edib (FOTO)

Cəmiyyət Materials 22 Yanvar 2016 18:09 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 22-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2015-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müşavirəni açan nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davamlı surətdə aparılan genişmiqyaslı islahatlar, ictimai münasibətləri tənzimləyən mexanizmlərin təkmilləşdirilməsi ötən hesabat ilində bütövlükdə cinayətkarlıqla mübarizəyə, o cümlədən paytaxt polisinin fəaliyyətinə də öz müsbət təsirini göstərib. Belə ki, həyata keçirilən məqsədönlü tədbirlər nəticəsində əvvəlki illərdə olduğu kimi, keçən il respublikamızın paytaxtında sabitlik, əmin-amanlıq, insan və vətəndaş hüquq və azadlıqları etibarlı şəkildə qorunub. Bu isə öz növbəsində, ümumilikdə ölkəmizdəki mövcud əlverişli kriminogen durumu, cinayətkarlıqla uğurlu mübarizəni şərtləndirən həlledici amillərdən biri olub.

Daha sonra müşavirənin gündəliyi elan olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov hesabat dövründə cinayətkarlıqla mübarizə, ictimai qaydanın və təhlükəsizliyin təmini, xidməti fəaliyyətin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

M.Seyidov bildirib ki, ötən il bütövlükdə inzibati xətaların profilaktikası, onları törətmiş şəxslərin məsuliyyətə cəlb olunması sahəsində fəaliyyət gücləndirilib. Polis sahə rəisləri və inspektorları tərəfindən 55.835 protokol tərtib olunub, 627 münaqişəli ailə profilaktiki uçota götürülüb.

Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 475 müraciətin icrası təmin olunub.

Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən ümumilikdə 62.625 nəfərə şəxsiyyət vəsiqəsi verilib.

Məruzəçi deyib ki, hesabat ilində vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 17.926 ərizə və müraciət daxil olub, 2.238 vətəndaş qəbul edilib. Müraciətlərin 1.744-ü nazirliyin və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən ilk Avropa Oyunları dövründə və Milli Məclisə seçkilərlə bağlı asayişin mühafizəsi üzrə bütün zəruri tədbirlər görülüb.

Baş İdarənin rəisi, eyni zamanda buraxılmış nöqsanlar, xüsusən əvvəllər məhkum olunmuşlar tərəfindən törədilən cinayətlərin qarşısının alınması, ilkin istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin lazımi səviyyədə təşkil edilməməsi və digər problemlərə də toxunub, bu istiqamətdə qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

Məruzə ətrafında çıxış edənlər əldə olunmuş müsbət nəticələrdən, həmçinin, yol verilmiş nöqsan və çatışmazlıqlardan, onların aradan qaldırılması üçün görəcəkləri tədbirlərdən danışıblar.

Müşavirəyə yekun vuran nazir 2015-ci ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib. R.Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən profilaktik işin xüsusilə güсləndirilməsini, сinayətlərin qarşısının alınmasında, bağlı qalmış сinayətlərin açılmasında aşağı göstəriсiləri olan ərazi polis orqanlarına əməli köməklik göstərmələrini, həmçinin fəaliyyətin təkmilləşdirilməsini, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məqsədilə analitik işin səviyyəsinin yüksəldilməsini, bu əsasda idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasını, icra və xidməti intizamın daha da möhkəmləndirilməsini tələb edib.

Xüsusi qeyd olunub ki, bu gün xidməti vəzifələrini uğurla yerinə yetirməsi üçün ölkə rəhbərliyi tərəfindən daxili işlər orqanlarına hər cür şərait yaradılıb, əməkdaşlar dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub, ən müasir texniki vasitələrlə təmin ediliblər. Bu ali etimada cavab olaraq şəxsi heyətin hər bir üzvü üzərinə düşən vəzifəni nümunəvi yerinə yetirməli, Vətəninə, dövlətinə, xalqına sədaqətlə xidmət etməlidir.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini sahəsində üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti