...

Peşə təhsili almaq istəyənlərin nəzərinə

Cəmiyyət Materials 25 Yanvar 2016 20:28 (UTC +04:00)

Bakı. Trend:

BP və onun tərəfdaşlarının maliyyələşdirdiyi sosial sərmayələr çərçivəsində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzinə 2016-cı tədris ili üzrə 10 aylıq peşə təhsili üçün sənəd qəbulu elan edilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, qəbul elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, texnoloji qurğuların operatoru və təmirçi çilingər ixtisasları üzrə həyata keçirilir. Müsabiqədə iştirak etmək hüququna Qaradağ rayonunda daimi və ya müvəqqəti qeydiyyatı olan vətəndaşlar, həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, orta ümumtəhsil məktəbini 2001-2015-ci illər ərzində bitirən, həqiqi hərbi xidmət keçmiş (oğlanlar üçün) gənclər malikdirlər.

Namizədlərin tibb müəssisəsindən sağlamlıq haqqında arayış gətirmələri vacibdir. Sənədləri uyğun gəlməyən namizəd müsabiqəyə buraxılmır. Şagirdlərin təhsil haqqını BP və onun tərəfdaşları təmin edir. Şagirdlərin aylıq təqaüdünü, xüsusi geyim və nəqliyyat vasitələri ilə təchizatını isə SOCAR öz üzərinə götürür.

Qeyd edək ki, BP və SOCAR-ın Mərkəzi bitirən şagirdlərin işlə təminatı ilə bağlı sosial öhdəliyi yoxdur.

Müraciətlər elektron formada SOCAR-ın saytında "Karyera" bölməsinin "Təlim mərkəzlərinə sənəd qəbulu" alt bölməsində qəbul olunur. İddiaçılar tələb edilən sənədlər və qaydalar haqqında məlumatı internet səhifəsindən oxuya bilərlər. Digər məsələlərlə əlaqədar hər hansı bir sual yaranarsa, [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür. Müraciətlər 4 fevral 2016-cı il tarixinədək qəbul ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti