...

Rabitəçi xocalılılarla görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2016 20:50 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar rabitəçi xocalılılarla görüş keçirilib.
Rabitəçi xocalılılarla görüş keçirilib (FOTO)

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar rabitəçi xocalılılarla görüş keçirilib.

Xocalı faciəsinin anıldığı tədbirdə bu unudulmaz tarixi günlərdə Vətənin və xocalılıların müdafiəsi uğrunda rabitəçilərin qəhrəmanlığından söz açılıb. Qeyd olunub ki, onların bu fədakarlığı unudulmur və hər bir rabitəçi üçün böyük bir örnəkdir.

Tədbirdə qeyd olunub ki, bu ağlasığmaz dəhşətlər Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Bildirilib ki, Xocalı şəhərinin dinc əhalisinə qarşı vəhşicəsinə törədilən kütləvi qırğının, soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyası artıq öz bəhrəsini verir. Aparılan təbliğatın nəticəsi olaraq, hazırda dünyanın 12 ölkəsində, o cümlədən ABŞ-ın 13 ştatında soyqırımın tanındığı və Xocalı faciəsinin yalnız Azərbaycanda deyil, ölkədən kənarda da müxtəlif xarakterli tədbirlərlə anıldığı bildirilib.

Daha sonra 8 gün erməni terrorçularının əsarətində qalmış rabitəçi Dürdanə Ağayevanın müəllifliyi ilə Türkiyədə nəşr edilmiş "Ermeni zindanında sekiz gün" adlı kitabın təqdimatı olub. "İnsani və Sosial Araşdırmalar Mərkəzi" tərəfindən çap edilmiş kitabdan söz açan müəllif erməni vəhşiliyinin iç üzünün açılması, dünyaya tanıdılması məqsədilə Azərbaycan xalqının başına gələn faciəni öz timsalında qələmə aldığını, bu nəşrin gələcək nəsillər üçün tarixi mənbə ola biləcəyini qeyd edib.

Tədbirdə qətliamın canlı şahidi olan digər rabitəçilər, o cümlədən 28 şəhid vermiş Əsli Məmmədova, Brilyant Hacıyeva, Dürdanə Qafarova, Cavid Əliyev çıxış edərək, soyqırımın yaratdığı dəhşətli və unudulmayacaq təəssüratlarını bir daha paylaşıblar.

Xatırladaq ki, Xocalı qətliamı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib, 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 1275 xocalılı əsir, 150 xocalılı isə itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti