...

Baş məşqçi: Azərbaycan batut gimnastikası üzrə Dünya Kubokunda medallar uğrunda mübarizə aparacaq (FOTO)

Cəmiyyət Materials 2 Mart 2016 16:37 (UTC +04:00)
Azərbaycan gimnastları Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda medallar uğrunda mübarizə aparacaqlar.
Baş məşqçi: Azərbaycan batut gimnastikası üzrə Dünya Kubokunda medallar uğrunda mübarizə aparacaq (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan gimnastları Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda medallar uğrunda mübarizə aparacaqlar. Bunu Trend-ə batut gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Vladimir Şulikin deyib.

Onun sözlərinə görə, gimnastlar formalarının zirvəsinə hələ çatmayıblar, çünki bu yarış cari ildə ilk startdır: "Fikrimcə, hələ də forma yığmamışıq. İdmançılarımızın hazırlığını 70-80 faiz qiymətləndirirəm. Hazırda əsas olan bir aydan sonra İspaniyanın Valyadolid şəhərində keçiriləcək Avropa çempionatında formanın zirvəsində olmaqdır. Bu, cari ildə ən əsas startlardan biridir. Sonra isə dünya çempionatı, Ümumdünya oyunları ilə növbəti mövsümə hazırlaşacağıq. Hər iki yarışa idmançılarımız seçilib. Buna görə də işləyəcəyik".

V.Şulikin qeyd edib ki, Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kuboku olduqca mötəbər turnir olacaq: "Zənnimcə, bütün güclü idmançılar gəliblər. Yalnız Çin və Kanada təmsilçiləri gələ bilməyiblər, qalan bütün güclü Avropa ölkələri, Yaponiya, Avstraliya, ABŞ, Rusiya və Belarus liderləri ilə təmsil olunub. Olduqca yaxşı rəqabətin olacağı gözlənilir, mübarizə aparacağıq. Kişilər arasında şanslarımız var, yığmamıızın lideri İlya Qrişunin medallar uğrunda mübarizə apara bilər. Sinxron tullanmada İlya Qrişunin və Oleq Piunov yaxşı nəticə göstərə bilər. Lakin təkrar edirəm ki, hazırda hələ də formanın zirvəsində deyillər, Avropa çempionatında nəticə gözləmək lazımdır".

Onun sözlərinə görə, Bakıdakı Milli Gimnastika Arenasının yeni tərtibatı bütün idmançıların xoşuna gəlir: "Yarışlara hazırlaşmağımıza heç nə mane olmur, çünki bu bizim üçün doğma divarlardır. Digər ölkələrin idmançılarında yalnız müsbət emosiyalar var, hər şey dünya çempionatı, hətta Olimpiya Oyunları səviyyəsində əla keçirilir. Gələnlərin hamısı çox razıdır. Fikrimcə, hamı razı qalacaq".

Baş məşqçi əlavə edib ki, qarşıdakı Avropa çempionatında kişilər arasında Azərbaycan yığmasını İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov və ikili minibatut üzrə yarışlarda (batutda tullanmanın ayrıca növü) iştirak edəcək Dmitri Fedorovski, eləcə də tamblinq üzrə yarışlarda iştirak edəcək Mixail Malkin təmsil edəcəklər: "Qadınlar arasında yığmanı fərdi və sinxron tullanmalarda iştirak edəcək Svetlana Makştarova və Səbinə Zaytseva təmsil edəcəklər. Beləliklə, olduqca böyük komanda gedəcək. Həmçinin komanda birinciliyi keçiriləcək və finala çıxsaq, bu, böyük uğur olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti