...

Təklif: Azərbaycanda reseptlər yeni qaydada yazılsın

Cəmiyyət Materials 15 Mart 2016 10:23 (UTC +04:00)
Azərbaycanda reseptlərdə dərmanın həm ticarət adının, həm də təsiredici maddəsinin yazılması təklif edilir.
Təklif: Azərbaycanda reseptlər yeni qaydada yazılsın

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda reseptlərdə dərmanın həm ticarət adının, həm də təsiredici maddəsinin yazılması təklif edilir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Musa Quliyev Trend-ə bildirib ki, Səhiyyə Nazirliyinin reseptlərdə dərmanın ticarət adının deyil, təsiredici maddəsinin adının yazılması ilə bağlı qərarı çox yaxşı haldır və bütün həkimlər tərəfindən icra olunmalıdır.

M.Quliyev deyib ki, yeni qaydanın icra olunmasında bəzən praktiki çətinliklər olur: "Aptek işçilərinə təsiredici maddənin olduğu dərmanı axtarmaq üçün vaxt lazımdır. Çünki indiyə qədər dərmanın ticarət adı yazılıb və apteklər də bu sistemlə işləyib, ancaq indi tərkib hissəsi yazılanda müəyyən çətinlik yaranır. Bir kompromis variant kimi təklif edə bilərəm ki, dərmanların həm adı, həm də təsiredici maddəsi yazılsın".

Millət vəkili qeyd edib ki, yeni sistemdən çəkinmək lazım deyil: "Azərbaycan yaxın vaxtlarda icbari tibbi sığorta sistemini tətbiq etməyi planlaşdırır. İcbari tibbi sığortada da bu, vacib şərtlərdən biridir, çünki eyni kimyəvi tərkibə malik müxtəlif adlı dərmanların qiymətləri bir-birindən fərqli olur".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Kollegiyasının 21.10.2015-ci il tarixli qərarına əsasən, resept dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, dozası və istifadə qaydaları qeyd olunmaqla yazılır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı halda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti