Mətanət Əliyeva - Trend:
36 il ömür yaşadı. Minlərə, milyonlara örnək olacaq bir Vətən oğlu ömrünü yaşadı Həsən. Atəşkəs rejiminin ŞƏHİDİ oldu O. Barışa bilmədi ata-baba yurdumuzun yağı tapdağı altında qalması ilə...
Şəhidin qardaşı Namiq Həsənovla soydaşımızın ürək ağrıdan, amma eyni zamanda, ölümün gözünə dik baxacaq qədər məğrur həyat tarixçəsini vərəqlədik. Müsahibimlə söhbətin bu qədər ağır olacağını təxmin etmişdim, amma bu qədərini təsəvvür etmirdim.
Namiq Həsənovla Trend-in əməkdaşının eksklüziv müsahibəsini təqdim edirik
- Öncə dəvətimi qəbul edib gəldiyiniz və söhbətə razılıq verdiyiniz üçün minnətdarlığımı bildirirəm. Şəhid qardaşınız Həsən Həsənovun işğal altında olan torpaqlara getməsindən və öldürülməsindən necə xəbər tutdunuz?
- Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dost olmuşdular. Onlarla daima Vətən torpağına gedəcəyini deyən Həsən elə arzusunun ardınca da yola çıxdı. Getməzdən əvvəl həyat yoldaşını və iki qızını aparıb rayona qoymuşdu. Xanımına da demişdi ki, Sankt-Peterburqa iş dalınca gedir. Həsən gedəndən 4-5 gün keçəndən sonra həyat yoldaşı narahat olur və qardaşımdan heç bir xəbər tuta bilmədiyi üçün Bakıya evlərinə qayıdır. Qayıtdıqda isə evdə gördüyü mənzərə onun şübhələrini daha da artırır. Həsən telefonlarını və digər lazım olan əşyalarını, hətta əyin-başını belə götürmədən evdən çıxmışdı. Qardaşım evində olan ən köhnə paltarlarını geyinib yola çıxmışdı. Həsən çox dəqiq insan idi. Atdığı hər addımında evi ilə daima əlaqə saxlayardı, ailəsini xəbərsiz buraxmazdı. O, bir həftə ərzində ailəsinə harada olması barədə heç bir xəbər verməmişdi. Qardaşımın bu şəkildə xəbərsiz-ətərsiz yoxa çıxması hamımızı narahat etməyə başlamışdı. İnternetdə üçü ilə bağlı - Dilqəm, Şahbaz və Həsənlə bağlı videonu görəndən sonra məsələnin nə yerdə olduğunu artıq anladıq. Baş verənlər barədə rəsmi məlumat almaq üçünsə rəsmi qurum olaraq Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXK) Bakı nümayəndəliyinə müraciət etdik.
- Həsən evdən ayrılan gündən öldürülən günə qədər neçə gün keçmişdi?
- 2014-cü ilin iyunun 19-da evdən çıxmışdı. İyulun 12-də isə Həsənin iyulun 11-də öldürülməsi xəbəri yayılmışdı. Ermənilərin yaydığı məlumatda deyilirdi ki, iki nəfər tutulub, bir nəfər isə zərərsizləşdirilib.
- Həsənin öldürüldüyü gün Sizə dəqiq məlumdur?
- Xeyr. Çünki bu, hələ də bu hadisənin baş verməsi tarixi tam dəqiq deyil. Ermənilər iyulun 12-də Həsənin vurulma xəbərini yaymışdılar.
- Onlar piyada getmişdilər?
- Bəli. Daha doğrusu, yəqin ki.
- Həsənin öldürüldüyü yeri ermənilər Vardenis rayonu olaraq göstərirlər?
- Erməni tərəfinin yaydığı məlumatlarda Həsənin Kəlbəcər-Vardenis yolunun 26-cı km-də vurulduğu deyilirdi. Ermənilər onun haqqında diversant kimi yazırdılar. Guya erməni zabitini öldürüb, qadını yaralayıb, qaçanda da vurulub.
- Həsənin öldürüldüyü yerlə bağlı məlumatlarınızı xatırlaya bilərsinizmi?
- Kəlbəcər ərazisində öldürüldüyü barədə məlumatlar yayılmışdı. Biz bu məlumatın yayılmasından sonra Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXK) Bakı nümayəndəliyinə müraciət etmişdik.
- Nə qədər müddət sonra qardaşınızın ölüm xəbəri təsdiqləndi?
- BQXK-nın Bakı nümayəndəliyindən 2014-cü ilin iyulun 21-də bizə Həsənin meyitinin bir neçə fotosu göstərilmişdi. Meyit qardaşıma məxsus idi.
- Bu hadisələrlə bağlı ermənilərin açıqladıqları informasiyalar yalan, doğru olmayan məlumatlardan ibarətdir. Necə olur ki, iki nəfər qalır orada, bir nəfər isə onlardan ayrılır? Sizcə, bu deyilənlər nə dərəcədə reallığı əks etdirir?
- Həsənin öldürülməsi ilə bağlı açıqlanan informasiyalar inandırıcı deyil. Üçü birlikdə gediblər. Ayrılmaları əlbəttə ki, inandırıcı deyil. Həsənin öldürülməsi ilə əlaqədar açıqlanan məlumatları təsdiqləyəcək videogörüntülər yoxdur. Onların bulaq başında yayılan videosunda üçü birlikdədir - Dilqəm, Şahbaz və Həsən. Əslində, bu hadisələrlə bağlı məlumatlar birtərəfli - yalnız ermənilər tərəfindən yayıldığı üçün təbii ki, deyilənlər həqiqət ola bilməz. Ermənilər Həsəni öldürmələrinə haqq qazandırmaq üçün bu hadisə ilə bağlı bütün məlumatları yalan, böhtan, iftira üzərində qururlar.
- BQXK-nın Həsən Həsənovun öldürülməsi ilə bağlı açıqladığı məlumatda qardaşınızın ermənilər tərəfindən öldürülməsinin təfsilatı necə əsaslandırılmışdı?
- Ümumiyyətlə, Həsənin necə və hansı şəraitdə öldürülməsi barədə BQXK bizə dəqiq məlumat verməmişdi. Onlar sadəcə, qardaşımın meyitinin bir neçə fotosunu bizə göstərmişdilər. Biz də meyitin Həsənin olduğunu təsdiqləmişdik. Qardaşımın ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı birtərəfli yayılan məlumatlara inansaq, erməni mətbuatının yaydığı məlumatda hadisə belə açıqlanır: Həsən zərərsizləşdirilərkən silahlı müqavimət göstərib. Nəticədə Həsən öncə mayor Sarkis Abramyanı öldürüb, Karen Davityanı isə ölümcül yaralayıb. Sonra ermənilər Həsəni qətlə yetiriblər.
- Həsəni necə xatırlayırsınız? Necə insan idi?
- Ailənin 8-ci uşağı idi. Çox vətənpərvər insan idi. Anam həmişə ona deyərdi ki, a bala, bu qədər torpaqdan danışmazlar, Vətən tək sənin deyil ki. Qardaşımsa deyərdi, ana incimə, səndən öncə torpağımı sevirəm. Hər il Cəbrayıl rayonunun işğalı günü - 23 avqustda Həsən qızı ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edirdi. Qızının əlindən tutub şəhid məzarlarını göstərib ona deyirmiş: "Qızım, sən istəyərsən ki, sənin atan da bunların arasında olsun? Gör bu insanlar nə qədər gözəl insanlardır ki, onlar Vətən üçün şəhid olublar. Bir vaxt sənin atan da şəhid olanda dik gəz, başını uca tut". Rəhmətliyin xanımı isə bütün bunları qızının evdə danışdıqlarından xəbər tutardı. Özündən sonra yoldaşını və iki qızını qoydu getdi. Bütün bunları bilə-bilə.
- Cəbrayılın işğalı günlərində Həsən neçə yaşında idi?
- O vaxtlar Həsənin yeniyetmə vaxtları idi. O zaman qardaşım 15 yaşında idi. Gənc yaşlarında bir müddət ticarətlə məşğul oldu. Daima deyirdi ki, mən Vətən torpaqlarına gedəcəyəm. Fikrindən, inadından da dönmədi.
- Valideynləri, sizlər bunun çox təhlükəli olması barədə onu fikrindən daşındırmağa cəhd etmirdiniz?
- Deyirdik, amma inadından dönmürdü. Bu gün dostları da deyir ki, Həsən daima işğal altında olan Vətən torpaqlarına gedəcəyini dönə-dönə deyirdi.
- Çətin də olsa, Həsənin meyitinin geri qaytarılmasının tələb edildiyi günləri xatırlaya bilərsiniz?
- Çox ağır günlər idi. Biz ilk məlumatı eşitdikdən sonra BQXK-nın Bakı nümayəndəliyinin təmsilçiləri ilə görüşdük. Öldürülməsi ilə bağlı məlumat təsdiqləndikdən sonra BQXK-dan dedilər ki, oradakı morq tələblərə cavab vermədiyi üçün qardaşımın meyiti artıq dəfn olunub. O zaman BQXK-dan başqa, Əsir, İtkin, Girov düşmüş Vətəndaşlarla İş Üzrə Dövlət Komissiyası ilə də daima əlaqələrimiz olurdu. Komissiyadan bizə daima bildirirdilər ki, Prezident İlham Əliyev başda olmaqla, dövlət səviyyəsində bu məsələ ilə - Həsənin meyitinin alınması ilə bağlı iş aparılır. Həmin dövrdə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlər ilə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da ailəyə yaxından dəstək olurdu. O dövrdə ən çətin günlərimiz meyit qaytarılan günə qədər informasiyaların yayıldığı zamanlar idi. Qardaşıma işgəncələr verilməsi ilə bağlı məlumatları ata-anamızdan mümkün olduğu qədər gizlədirdik. Çox ağır günlər yaşadıq o ərəfədə. O günlərdə istədiyimiz tək o idi ki, Həsənin meyiti ermənilərdən alınsın. 2014-cü ilin oktyabrın 2-də Həsənin meyiti qaytarıldı. Qardaşım Həsənin meyitinin qaytarılmasında Prezident İlham Əliyevə göstərdiyi səylərinə, əziyyətlərinə görə, minnətdarlığımı bildirirəm.
- Meyitin üzərində işgəncə hallarının olması barədə nə deyə bilərsiniz?
- Mənim ürəyim xəstə olduğu üçün meyitə baxa bilmədim, amma qardaşlarım baxmışdı. Başında qaralma getmişdi, ayağında topuqlarında güllə yaraları, baldırında adi sapla tikiş yerləri var idi. Meyit hələ geri qaytarılmamış bizə BQXK-dan Həsənin meyitinin bir neçə fotosunu göstərmişdilər. Həmin vaxt bizdən qardaşımla bağlı əlamətlər soruşmuşdular. Bizə göstərilən fotoların heç birində meyitin bütün bədəni görünmürdü. Bədənin ayrı-ayrı hissələrini çəkmişdilər. Avqust ayında bizə göstərilən şəkillərdəki əlamətləri təsdiq edəndən sonra meyitin ona aid olduğu təsdiqləndi.
- Ermənilərin Həsəni qətlə yetirmələrinə "haqq" qazandırmaq üçün qardaşınıza diversant demələri barədə iddialarla bağlı danışmağınızı istərdik.
- Biz bu iddiaları təbii ki, qəti şəkildə qəbul etmirik. Həsən Vətən həsrəti ilə o torpaqlara getmişdi. Bu, ermənilər üçün çox böyük bir təhlükədir. Ermənilər daha çox bundan qorxurlar. Həsənin gecə-gündüz arzusu Vətən torpaqlarına getmək olub. Həsənin arzusu vardı ki, Kəlbəcəri gedib ziyarət edəndən sonra Cəbrayıla - doğma kəndimizə getsin. Həsən tərəddüdsüz getmişdi o torpaqlara. Onun qəlbində olan Vətən eşqi aparmışdı qardaşımı dədə-baba yurdumuza. Bu tayfa davası deyil ki, biz yığışıb 10-15 nəfər gedib qardaşımıın qanını alaq. Onun öldürüldüyü yer millətimizin dədə-baba yurdudur. Mövcud situasiyaya görə, indi ora getmək mümkün deyil. Amma gec də olsa, Həsəni öldürənlər cəzalarını almalı, qardaşımın qanı yerdə qalmamalıdır. Günahkar şəxslər cəzalandırılsın və haqq-ədalət öz yerini tapsın. Həsənin üzərindən diversant adı, iftiralar götürülsün. Saxta, qondarma məhkəmə ilə ermənilər Dilqəm və Şahbazı ən ağır cəzalara məhkum ediblər. Qardaşım Həsəni öldürənlər də ömürlük azadlıqdan məhrum edilsinlər. Cinayətkarlar layiqli cəzalarını alsınlar. Hardasa, bu bizə bir təskinlik olardı.
- Həsənin ölümü ilə bağlı məlumatların üzərinə Dilqəm Əsgərov və Şahbaz Quliyev azad olunandan sonra aydınlıq gələ bilər.
- Dilqəm və Şahbazın azad olunacaqlarına ümid edirəm. Yalnız o zaman qardaşım Həsənin ölümünün üzərinə gün işığı düşə bilər. Amma onlar da həmin vaxta kimi yaddaşlarını itirməsələr...