...

Səbaillilərin cəbhə bölgəsində xidmət edən əsgərlərə Novruz töhfəsi (FOTO)

Cəmiyyət Materials 18 Mart 2016 10:45 (UTC +04:00)
Səbaillilərin cəbhə bölgəsində xidmət edən əsgərlərə Novruz töhfəsi
Səbaillilərin cəbhə bölgəsində xidmət edən əsgərlərə Novruz töhfəsi (FOTO)

Bakı. Trend:

Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Səbail İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı "N" saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərin görüşünə gediblər.

Bu barədə Trend-ə Səbail İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən məlumat verilib.

Qonaqlar hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə söhbətlər aparıb, onlara bayram sovqatları çatdırıblar.

Hərbi hissədəki əsgər kazarmaları ilə də tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulayıb.

Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə Prezidentimizin əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.

Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim ediblər.

Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılıb.

Hərbi hissə komandanlığı adından çıxış edən zabit Vüqar Şıxlinski şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Səbail rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb.

Sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar edib, Səbail rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin Fəxri Fərmanları təqdim olunub.

Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Səbail rayon nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.

Cəbhə bölgəsindəki tədbirlə bərabər Səbail rayonunun nümayəndələri rayon ilə çox dostluq və möhkəm əməkdaşlıq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki "N" saylı hərbi hissəsinin də qonağı olublar.

Bu tədbirdə iştirak edən Səbail rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri bu hərbi hissədə də əsgərlərimizin şəraiti və hərbçilərin döyüş hazırlığı ilə tanış olublar. Hərbi hissədə keçirilən təntənəli tədbirdə çıxış edən qonaqlar Novruz bayramı münasibəti ilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar.

Sonda bu hərbi hissədə də bayram konserti təşkil olunmuşdur. Hərbi hissənin rəhbərliyi və şəxsi heyəti bu tədbirin təşkili üçün Səbail rayonunun rəhbərliyinə və ictimaiyyətinə öz minnətdarlıqlarını bildirib, Səbail rayon İcra Hakimiyyətinə və sənətçilərə hərbi hissənin Fəxri Fərmanları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti