...

"Azərbaycan" İntellektual Oyunlar Klubu 4 yaşını qeyd etdi

Cəmiyyət Materials 3 May 2016 17:03 (UTC +04:00)
Həm Azərbaycan, eyni zamanda rus dilində oyunlar keçirərək ətrafına Azərbaycanın region gəncləri, əksər orta və ali təhsil müəssisələrini, bu ildən etibarən isə eyni zamanda məktəbliləri cəlb edən klub 29 aprel tarixində yaranmasının 4 yaşını qeyd etdi.
"Azərbaycan" İntellektual Oyunlar Klubu 4 yaşını qeyd etdi

Bakı. Trend:

Həm Azərbaycan, eyni zamanda rus dilində oyunlar keçirərək ətrafına Azərbaycanın region gəncləri, əksər orta və ali təhsil müəssisələrini, bu ildən etibarən isə eyni zamanda məktəbliləri cəlb edən klub 29 aprel tarixində yaranmasının 4 yaşını qeyd etdi.

"Azərbaycan" İntellektual oyunlar klubu üçün olduqca məhsuldar bir il olmuşdur. Belə ki, müxtəlif mövzulu intellektual turnirlər , daxili və sinxron çempionatlar, regionlarda yarışlar, klubun tərəfdaşı olduğu iri layihələr, eyni zamanda yeni əməkdaşlıqlar və ən əsası klubda yeni bir istiqamətin - müntəzəm məktəbli çempionatının açılması ilə yaddaşlarda qaldı
Klubun fəaliyyət dairəsinə həm televiziya, həm də qeyri-televiziya layihələri ("idman" formatında keçirilən intellektual oyunlar) daxildir. Klubun yaradıcısı və prezidenti Aydın Piriyevdir.

Gəlin məhsuldar ilə daha yaxından nəzər salaq:

"Nə? Harada? Nə zaman?" formatında Şəmkir şəhər birinciliyi baş tutdu. May ayında qərb bölgəsini əhatə edən 8 rayonun iştirakı ilə "Ekoloji İntellektual Qərb Birinciliyi " layihəsi keçirildi. Yay aylarında Gəncə şəhərində "Odlar Yurdu" Gənclər İctimai Birliyi ilə 28 May Respublika Günü ərəfəsində bilik yarışı təşkil olundu. Sentyabr ayında isə "Bilik günü" münasibətilə Gəncə Dövlət Universitetinin tələbələri arasında növbəti turnir keçirildi.
2015-ci ilin oktyabr ayından etibarən isə Bakı məktəbləri arasında intellekt yarışması start götürdü. Birinci dövrəyə 40-a yaxın komanda ilə yekun vuruldu.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun tərəfdaşlığı ilə "Parlaq Zəka" oyunu üzrə 1-ci məktəbli çempionatı keçirildi. "Parlaq Zəka" üzrə məktəblər komanda şəklində yarışdı. Çempionat Bakının Xətai , Nəsimi, Yasamal, Binəqədi, Pirallahı rayonlarının məktəblərini əhatə etdi.

Bu il "Azərbaycan" İntellektual Oyunlar Klubu ilə paralel olaraq " Parlaq Zəka " intellekt şousu üçün də yaddaqalan olub. Bəxtiyar Vahabzadə, Şərq döyüş növləri, 19-cu əsr Azərbaycan ədəbiyyatı, Leonardo da Vinçi, İxtiraçılar, Azərbaycan etnosları, Azərbaycan bəstəkarları kimi mövzularla tamaşaçıların görüşünə gələn veriliş, bu ildə bir -birindən maraqlı səhnə quruluşları, sual və qonaqlarla tamaşaçıların marağına səbəb olub.
Klub az yaşı olmasına baxmayaraq bir sıra irihəcmli layihələrin tərəfdaş və təşkilatçı olmuşdur. Belə ki, Azərbaycanda birinci ümumişlək intellektual suallar bazasının yaradılması, Müstəqillik kuboku (artıq ənənə halını almış və hər keçirilən turnir "Nə? Harada? Nə zaman?" və Fərdi Oyun formatında təşkil olunur), "Nə? Harada? Nə zaman?" üzrə Gənclik Kuboku ,Ümumilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş breyn rinq turnirləri, İntellektual Sərgi , ali təhsil müəssisələrində müxtəlif formatlı yarışlar , Fərdi Oyunlar üzrə I Azərbaycan Kuboku, Akademik Zərifə Əliyevanın ad gününə həsr olunmuş turnirlər, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə cəzaçəkmə müəssisələrində "Nə? Harada? Nə zaman?" üzrə intellektual turnir , Qarabağnamə - "Tələbələrarası İntellektual Yarışması", rus dilində OSİP turniri,"Parlaq Zəka" İntellektual oyunu üzrə I Bakı çempionatı, Respublika gününə həsr olunmuş Gəncə turniri, "Herodot" Kuboku və digər irimiqyaslı layihələr buna bariz nümunədir.

"Azərbaycan" İntellektual Oyunlar Klubu həmçinin Azərbaycanın bölgələrində yeniyetmə və gənclərin marağını öz üzərində cəmləşdirir. 2012-ci ilin iyul ayında Siyəzən İOK-nun açılışı ilə başlayaraq bir sıra bölgələr də bu hərəkata qoşuldu. Lənkəran, Quba, Qusar, Şabran, Göyçay, Balakən, İmişli, Göygöl, Tovuz, Gədəbəy, Samux, Şəmkir, Ağstafa, Biləsuvar , Göyçay, Qazax üzrə mütəmadi oyunlar təşkil edilir.

"Azərbaycan" İntellektual Oyunlar Klubu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Qafqaz Universiteti, Azərbaycan Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompyuter Kollecində oyunlar təşkil edir.Eyni zamanda, həftənin bazar günləri AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində "Nə? Harada? Nə zaman?", "Fərdi Oyun" və "Breyn Rinq" formatında yarışlar keçirilir. Oyunlarda ali müəssisələrini təmsil edən komandalar, intellektual hərəkatda aktiv olan tələbə gənclər və ümumi intellektuallar iştirak edir. Klub iki dildə oyunlar təşkil edən yeganə intellektual klubdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti